Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısında iştirak edib
Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısında iştirak edib.
"Olimpsport" xəbər verir ki, Çinin Çendu şəhərində baş tutan illik toplantıda dünyanın 151 yerli federasiyasının nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Dünya Badminton Federasiyasının prezidenti Poul Erik Höyer bildirib ki, düynada badmintona maraq dayanmadan artmaqdadır. Qrum rəhbəri qeyd edib ki, 2023-cü ildə dünya üzrə qeyd olunan 5 iyul Badminton Günündə 60 ölkədə, 200-dən artıq tədbir keçirilib. Bu idman növü bütün qitələrdə inkişaf etməkdədir. Beynəlxalq İdman Federasiyaları üzrə Dünya Badminton Federasiyası ən çox izlənilən beş federasiya sırasındadır.
Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti illik toplantıda iştirak edərək bir sıra ikitərəfli görüşlər keçirib.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyası həm dünya, həm də Avropa Badminton ailəsinin fəal tərəfdaşı hesab olunur.
Ötən il Avropa Badminton Federasiyasının illik konqresi ilk dəfə ölkəmizdə keçirilib. 2025-ci ildə isə Bakı qarışıq komandalar arasında badminton üzrə Avropa çempionatına ev sahibliyi edəcək.