"Prezident Kuboku-2024" beynəlxalq reqatasına hazırlıqlar başa çatıb
Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının başlamasına bir gün qalıb.
"Olimpsport" Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətinə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə AKAF-ın birgə keçirəcəyi yarışın təşkilatı işləri artıq başa çatıb.
Mingəçevir şəhəri ənənəvi reqataya hazırdır. Şəhərin mərkəzi küçələri reqatada iştirak edəcək ölkələrin bayraqları ilə bəzədilib. Lazımi təmizlik-abadlıq işləri aparılıb. Sakinlər hər il təşkil edilən “Prezident Kuboku”nun şəhərdə əsl bayram ab-havası yaratdığını deyir. Ölkəmizdə avarçəkmənin vətəni sayılan Mingəçevirdə hər kəs yarışların başlamasını gözləyir.
Yığma komandamızın üzvü Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması reqataya xüsusi rəng qatacaq.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2024” beynəlxalq reqatasına 20-dən çox ölkədən 30-a qədər komanda qatılacaq. Yarışlar mayın 1-i Suqovuşanda start götürəcək, 2-3 may tarixində Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı, son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq. “Prezident Kuboku” reqatasına atəşfəşanlıqda yekun vurulacaq.
Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.