Mövsümün səs-küylü transferi rəsmiləşdi: Avropa çempionu Bakıda!

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yeni mövsümün ən səs-küylü transferi rəsmiləşib. Olimpsport.az Apasport-a istinadən xəbər verir ki, bunu ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Telekom” həyata keçirib.

 

Bakı klubu Serbiya millisinin sabiq hücumçusu Yovana Vesoviçlə danışıqları müsbət yekunlaşdırıb. 29 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

 

Son mövsümü Rumıniyanın “Alba” klubunda keçirən Vesoviç Azərbaycana gəlincə, 5 ölkədə legioner həyatı yaşayıb. O, daha öncə “Yedinstvo” (2002/2007, Serbiya və Çernoqoriya), “Postar 064” (2007/2009, Serbiya), “Volero” (2009/2010, İsveçrə), “Dinamo” (2010/2011), “Tomis” (2011/2012, hər ikisi Rumıniya), “Severyanka” (2012/2013, Rusiya), “Çanakkala Bld” (2013/2014, Türkiyə) və “Olimpiakos” (2014/2015, Yunanıstan) klublarının şərəfini qoruyub.

 

3 dəfə Serbiya çempionu (2005, 2008, 2009) olan 182 sm boya malik hücumçu İsveçrə (2010) və Rumıniya (2012) çempionatlarının da qızıl medalına yiyələnib. Yovana, həmçinin Serbiya kubokunun 2 qat (2008, 2009) qalibidi. O, İsveçrə və Yunanıstanda da ölkə kubokunu başı üzərinə qaldırıb.

 

Vesoviçin yığma karyerası da kifayət qədər zəngindi. 2005-ci ildən əsas komandanın şərəfini qoruyan voleybolçu 2011-ci ildə Avropa çempionu titulunu qazanıb. Bundan əlavə, London-2012-nin iştirakçısı olan oyunçu Avropa Liqasının 2 dəfə qızıl (2010, 2011), 1 dəfə bürünc (2012) medalına yiyələnib. Qitə çempionatında 2-ci (2007) də olan Yovana Universiadanın (2009) da finalında oynayıb, dünya çempionatı (2006) və Qran-prinin (2011) 3-cüsü olub.

 

Qeyd edək ki, Bakı klubları cari transfer pəncərəsində yalnız bir-birinin oyunçuları ilə güclənib. Ölkə xaricindən gələnlər isə o qədər də tanınmış olmayıb.