Şahin Diniyev: "Çempionatda ən çox qol vuran ikinci komandayıq"
Çempionatın sonuna dörd tur qalmış qarşımıza qoyulan məqsəd hər oyunda qələbə qazanmaqdır. Bunu öncə “Xəzər Lənkəran” ilə oyunda bacardıq".
Olimpsport.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev "Xəzər Lənkəran"la oyun (3:0) haqda danışarkən deyib.
O, komandasından hərətəfli razı qaldığını bildirib: "Hesabdan çox məni qane edən hücumda yaxşı oynamağımızdır. Həmlələrin təşkili müxtəlifliyi ilə seçilirdi. İstər cinahlardan, istərsə də mərkəzdən keyfiyyətli hücumlar qura bilirdik. Standart vəziyyətlərdə də məhsuldar oynamaq bacarığı bir məşqçi kimi məni sevindirir. Mövsümün sonunda gücün tükənməsinə, yorğunluğa baxmayaraq sürətli həmlələr təşkil edə biliriksə, bu, məni razı salır.
Çempionatda ən çox qol vuran ikinci komandayıq. Qarşıdakı üç oyuna ciddi hazırlaşmalıyıq. Artıq Avroliqaya vəsiqə qazandığımızı deyə bilərik. Mövsümün əvvəlində vəzifə elitada qalmaq idi, amma bu gün daha yuxarı yerlərdəyik”.