Almaniya klubunun futbolçusu Çempionlar Liqasında yeni nailiyyətlərə imza atıb
Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Mats Hummels UEFA Çempionlar Liqasında (ÇL) yeni nailiyyətlərə imza atıb.
"Olimpsport" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli müdafiəçi buna Fransada PSJ-yə qarşı keçirdikləri yarımfinal mərhələsinin cavab matçında fərqlənməklə nail olub.
Hummels (35 yaş, 143 gün) turnirin pley-offunda qol vuran ən yaşlı almaniyalı oyunçudur.
Bundan əlavə, o, ÇL-in yarımfinalında rəqib qapısına yol tapan üçüncü ən yaşlı futbolçu adına da sahib çıxıb. Rekord 2011-ci ildə "Mançester Yunayted"in heyətində "Şalke 04" ilə qarşılaşmada fərqlənən Rayan Giqqzə (37 yaş, 148 gün) məxsusdur. 2023-cü ildə "İnter"in heyətində 37 yaş 54 günündə "Milan"la qarşılaşmada qol vuran Edin Ceko ikinci sıradadır.
Hummels həm də "Borussiya" tarixində bu turnirdə adını tabloya yazdıran ən yaşlı ikinci oyunçu adına da sahib çıxıb. Dortmund təmsilçisində Lukaş Pişçek (35 yaş, 188 gün) 2020-ci ildə "Zenit"lə görüşdə fərqlənib.
Qeyd edək ki, "Borussiya" Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda PSJ-yə 1:0 hesabı ilə qalib gələrək finala yüksəlib.