AzMİU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş yarışlara yekun vurulub
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Azərbaycan Memarlıq və İnşaat Universitetinin basketbol, voleybol, sərbəst güləş, şahmat, dama və futzal üzrə açıq birinciliklərinə yekun vurulub.
"Olimpsport" xəbər verir ki, ötən ayın əvvəllərindən start götürən ənənəvi və silsilə yarışlarda Universitetin 267 tələbə idmançısı öz qüvvələrini sınayıblar. Yarışlara bugün keçirilən futzal idman növünün finalları ilə yekun vurulub. Gərgin və maraqlı keçən final görüşündə "İnşaat" komandası "Nəqliyyat" komandası üzərində 3:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub. 3-cü yer uğrunda isə STMKS komandası MİT kollektivinə 5:4 hesabı ilə qalib gəlib. Sonda bütün idman növləri üzrə mükafatlandırılma mərasimi keçirilib.
Mərasimdə Universitet rəhbərliyi ilə yanaşı fəxri qonaq qismində "Şamaxı" futbol komandasının idman direktoru, veteran futbolçu Vəli Qasımov, AFFA Marifləndirmə şöbəsinin müdiri, veteran futbolçu Fərrux İsmayılov və digər qonaqlar iştirak ediblər.
Turnirdə yer tutmuş idmançılar Azərbaycan Memarlıq və İnşaat Universiteti və AFFA tərəfindən diplom, medal və kubokla mükafatlanıblar.