Azərbaycan beynəlxalq təşkilatın yubiley konqresində təmsil olunub

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası AIPS dünyanın ilk jurnalist təşkilatıdır. 1924-cü il iyulun 2-də Parisdə təsis edilib. Odur ki, 2 iyul hər il Beynəlxalq İdman Jurnalisti Günü kimi bütün ölkələrdə qeyd olunur. 

"Olimpsport" xəbər verir ki, bu il yaranmasının 100-cü ildönümünü qeyd edən AİPS-in yubiley konqresinə ev sahibliyini İspaniyanın Barselona əyalətinin qədim Kataloniya kurort-şəhəri Santa Susanna etdi. Aralıq dənizi sahilində qərar tutan, əsrarəngiz gözəlliklər məskəni  bu şəhər dünyanın fitnes və bodibildinq paytaxtı kimi də tanınır.

Aprelin 28-dən mayın 2-dək Santa Susannadakı beşulduzlu Atzavara Hotel & Spa məkanında idman jurnalistlərinin beynəlxalq qurumunun 86-cı konqresi maraqlı  məqamlarla yaddaşlara həkk olundu.

Ali forumun keçirildiyi salonda üzərinə 100-dən artıq ölkənin adı yazılmış lövhəciklər arasında, həmişə olduğu kimi, Azərbaycan nümayəndələrinin yeri ön cərgədə idi. 

Konqresdə ölkəmizi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təsisşiləri və prezidenti əməkdar jurnalist Eldar İsmayılov, 1-ci vitse prezidenti, beynəlxalq qurumun Avropa bölməsi İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə təmsil edirdilər. Tanınmış idman mütəxxəssisi, bu sahəyə aid çoxsaylı kitabların müəllifi Kazım Əliyevin yaratdığı və uzun illərdən bəri fəaliyyət göstərən “İgid” Güləş Klubu mətbuat xidmətinin rəhbəri Azər Əliyev isə konqresdə ilk dəfə müşahidəçi statusu ilə iştirak edirdi.

Rəsmi açılış mərasimində Santa Susannann valisi Joan Campolier Montsant nümayəndələri salamladı, dünya idman jurnalistlərinin belə bir mötəbər ali forumunun onun 1976-cı ildən bəri – düz 48 il rəhbərlik etdiyi doğma şəhərində baş tutmasından iftixar hissi keçirdiyini bildirdi. 

Məlumat üçün qeyd edək ki, Joan Campolier 2003-cü ildə meriyanın təşkilatçılığı ilə şəhərdə keçirilən ilk Dünya Fitnes və Bodibildinq Çempionatını qeyd edərkən "Santa Susanna, Dünya Fitness və Bodibildinq Paytaxtı" şüarının arxasında yerli hərəkətverici qüvvə olmuşdur. Məhz buna görə o, IFBB və Bodybuilding & Fitness ilə uzunmüddətli əlaqələrinə görə 2019 EBFF Konqresində Avropa Bodibildinq və Fitnes Federasiyası adından Prezident Rafael Santoxa tərəfindən “IFBB Ruhu” mükafatı ilə ilə təltif edilib.

Daha sonra Beynəlxalq Fitnes və Bodibildinq Fedarasiyasının prezidenti Rafael Santoxa, Beynəlxalq Tələbə İdmanı Federasiyasının (FİSU) prezidenti Leonz Eder, LAUREUS Dünya İdman Mükafatları rəhbəri, idman əfsanəsi Edvin Mozes, FİFA prezidenti Canni İnfantino, AİPS prezidenti Canni Merlo nümayəndəlıəri salamlayaraq  yubiley konqresinin işinə uğurlar arzuladılar.

4 gün davam edən konqresdə maraqlı şıxışlar, təqdimetmələr, panel müzakirələr, görüşlərlə yadda qaldı.

Konqresin yekun sənədində qeyd edildi ki, 100 illik mövcudluğundan sonra birliyimiz bəzi peşəkar çətinliklərlə üzləşərək yeni əsrə qədəm qoyur. Təsisçilərimiz gələcəyi aydın şəkildə görür, peşəmizin təkamülünə düzgün baxışlar sərgiləyirdilər. Bunun sübutudur ki, indi qabaqcıl texnologiyaların, süni intellektin tətbiqi ilə diktə olunan yeni ehtiyaclara cavab vermək bizim üzərimizdədir. Süni İntellektin düzgün istifadə edilməməsi bizə çox ciddi ziyan vura bilər və paradoks odur ki, onlar bizim jurnalist məzmunumuzdan, illərlə işlədiyimizdən icazəmizi istəmədən istifadə edirlər. Biz beynəlxalq təşkilatların tətbiq etdiyi və ya dərindən öyrəndiyi bütün qaydaları alqışlayırıq, eyni zamanda texnologiyanın UNESCO-ya uyğun olaraq sağlam və vacib peşənin əsaslarını məhv etməmək üçün tərəqqiyə kömək etməli olduğuna inananlara reaksiya verməli və onlarla əməkdaşlıq etməliyik...

Konqres çərçivəsində AIPS qitə birliklərinin illik toplantıları da diqqət çəkdi. İdman Mətbuatı üzrə Avropa İttifaqı AIPS EUROPE Baş Assambleyasında təşkilatın İcraiyyə Komitəsinin üzvü, Kembric Universitetinin təhsildə peşəkar inkişaf kvalifikasıiaları üzrə  proqram rəhbəri, AIPS EUROPE-nin cocial platformalarda hesablarına məsul Nərgiz Mahmudzadənin illik hesabatı alqışlarla qarşılandı.