“Fiorentina” azarkeşləri “Qarabağ”dan Florensiyada qələbə gözləyir

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Fiorentina” rəsmiləri azarkeşlər arasında sorğu keçirilib. Olimpsport.az-ın məlumatına görə, “bənövşəyilər” qarşıdakı 3 matçla bağlı yerli fanatların fikrini öyrənib.

 

Sentyabrın 25-də A seriyası çərçivəsində “Milan”ı, 4 gün sonra isə “Qarabağ”ı qəbul edəcək florensiyalılar oktyabrın 2-də çempionat matçında “Torino”nun qonağı olacaqlar.

 

Azarkeşlərlə aparılan səsvermədə “Fiorentina” qarşıdakı 3 oyunda neçə xal toplayacaq?” sualı qoyulub. Hələlik 1100 nəfər səsvermədə iştirak edib. Fanatların böyük əksəriyyəti komandanın qarşıdakı 3 görüşdə 2 qələbə və 1 heç-heçəyə imza atacağını düşünür. 31% 7 xala inanırsa, respondentlərin 27%-i 9 xala ümid edir. Səsvermədə iştirak edənlərdən 14 faizi 1 qələbə, 2 heç-heçə gözləyir.

 

Maraqlıdı ki, adıçəkilən 3 qarşılaşmada “Fiorentina”nın xalsız qalacağını düşünənlər də var. Belə ki, fanatların 3,5 faizi İtaliya klubunun hər 3 oyunda məğlub olacağını proqnozlaşdırır.

 

Qeyd edək ki, “Fiorentina” – “Qarabağ” görüşü sentyabrın 29-da “Artemio Franki” stadionunda keçiriləcək.(Apasport)