Vəli Qasımov: "Şükürlər olsun ki, sonda istəyimizə nail olduq"
"Bu gün Şamaxı şəhəri üçün böyük bayram oldu. Hamı gözləyirdi ki, komanda premyer liqaya çıxsın. Bütün gücümüzlə bunun üçün çalışırdıq. Şükürlər olsun ki, sonda istədiyimizə nail olduq. Düzdür, böyük əziyyət olsa da komanda əlindən gələni etdi ki, bu gün həm qalib gəlsin həm də premyer liqaya vəsiqə qazansın".
Bu fikirləri "Olimpsport"a açıqlamasında "Şamaxı" Futbol Məktəbinin koordinatoru Vəli Qasımov komandanın premyer liqaya vəsiqə qazanmasını şərh edərkən deyib. Təcrübəli məşqçi qeyd edib ki, mövsümün əvvəlindən yerli futbolçularla çıxış etmək başlıca məqsəd olub:
"Birinci liqada legioner futbolçulara bir o qədər də ehtiyac yoxdur. Bu səbəbdən yerli və eyni zamanda premyer liqa təcrübəsi olan futbolçuları dəvət etdik. Onlarla da məqsədimizə nail olduq. Premyer liqada isə vəziyyət başqa cürdür. Orda bir neçə legioner futbolçunun da xidmətinə ehtiyac olacaq. Bu haqda klubun müşahidə şurası ilə söhbətimiz olacaq. Düşünürəm ki, komandanı daha da güclü edəcəyik".
Ötənlərin məhşur futbolçusu yeni AFFA rəhbərliyindən müsbət dəyişiklər gözlədiyini də bildirib:
"İnanırıq ki, futbolumuzda hər şey yaxşı olacaq. Əlimizdən gələni etməliyik ki, Azərbaycan futbolu daha da irəli getsin. Uşaq futbolu çox vacibdir. Bu istiqamətə daha çox fikir vermək lazımdır. Xüsusən regionlara diqqət ayırsaq bunun çox böyük faydası olar. Gələcəkdə güclü,yerli futbolçular görə bilərik. Bu gün birinci liqada da kifayət qədər yerli futbolçular çıxış edirdilər. " Şamaxı" da sübut etdi ki, yerli oyunçularla da uğur qazanmaq olar".
Əsas millinin vakant olan baş məşqçi postunda yerli yoxsa əcnəbi məşqçi çalışmalıdır sualına klub funksionerinin cavabı belə oldu:
"Düşünürəm ki, seçim üçün bir neçə əsas prinsip var. Bəlkə hazırda futbolumuzu yaxından bilən yerli məşqçi olsa daha yaxşı olardı. Müntəzəm olaraq çempionatı da izləyirlər. Futbolçuları tanıyırlar. Bu gün Arif Əsədov millidə köməkçi məşqçi kimi çalışır. Belə görünür ki, elə Arif müəllimin özü baş məşqçi ola bilər. Belə olarsa daha məqsədəuyğun olar. Lakin əgər rəhbərlik düşünürsə daha təcrübəli əcnəbi məşqçi təyin etsinlər bu zaman biz də futbol ictimaiyyəti olaraq əlimizdən gələn dəstəyi verəcək və hər zaman da millimizin yanında olaraq komandamıza azarkeşlik edəcəyik".