Azərbaycanlı hakimə Rusiya və Qazaxıstandan dəvət gəldi
Çimərlik futbolu üzrə FIFA referisi Əfqan Həmzəyev 2 ölkədən dəvət alıb.
Bu haqda saytımıza təcrübəli hakimin özü məlumat verib. O, qeyd edib ki, ilk dəvət Moskvadan gəlib: “Rusiya paytaxtında mayın 13-ü və 14-də şəhər idman idarəsi və “Era” futbol təşkilatı xeyriyyə turniri keçirir. Həmin turnirə həm fəxri qonaq, həm də final oyununun baş hakimi kimi dəvət almışam”.
Həmyerlimizə digər təklif isə Qazaxıstandan gəlib: “Qazaxıstan Çimərlik Futbol Federasiyasının dəvəti ilə 19-22 may tarixlərində bu ölkədə olacağam. Qazaxıstan kubokunun final mərhələsinə dəvət olunmuşam. 19-20 mayda yerli hakimlərə mini seminar keçəcəyik. Eləcə də meydanda praktiki məşğələlər olacaq. Son 2 gündə isə finallar baş tutacaq”.
Qeyd edək ki, bu, Əfqan Həmzəyevin il ərzində xarici ölkəyə 6-cı səfəri olacaq. FIFA referisi 2016-cı ilin ilk 4 ayı ərzində Yaponiya, Tailand, Fransa və Mərakeşdə çimərlik futbolu üzrə turnirlərdə iştirak edib.