"Elə bil başıma qaynar su tökdülər" - Milli komandamızın məşqçisi

Azərbaycan milli komandasının qapıçılarla işləyən məşqçisi Faiq Əzizovun müsahibəsi.
 
- Millimizin əsas qapıçısı Kamran Ağayev Portuqaliya çempionatında "Boavişta”nın heyətində debüt etdi və buraxdığı səhv böyük müzakirə obyektinə çevrildi...
- Futbolda belə səhvlər olur. O qədər məşhur qapıçılar səhvlər edib ki... Özü də hesab bərabər deyildi, "Portu” 2:1 hesabı ilə irəlidə idi. Hesab 0:0 olsaydı, səhv etsəydi, bu, birbaşa nəticəyə təsir göstərirdi. Həmin vaxt 85-86-cı dəqiqələr gedirdi. Düzdür, səhv etmək olmaz. Bir az da ciddi olmalı idi. Oldu da. Bəlkə çox fikirləşmədi, arxayın oldu ki, top üstünə gəlir, üzərinə gedən rəqib oyunçu yoxdur. Təkdir, topu rahat tutacaq. Çox arxayın oldu və top əlindən çıxdı. Mən elə fikirləşirəm.
 
- Sanki bədəni boşaldı...
- Ay sağ ol. Bir də görürsən ki, özünə çox inamlısan. Deyirsən ki, bu topu bir əllə tutaram. Ancaq top əlindən sürüşdü, özü də çaşdı. Hava da normal idi. Meydança sürüşkən deyildi. Ondan qabaq da normal dururdu.
 
- 1997-ci ildə Respublika stadionundan izlədiyim Azərbaycan kubokunun final oyununu xatırlayıram. Onda siz "Xəzri"nin heyətində "Kəpəz"lə matçın sonuna yaxın belə qol buraxmışdınız. Top əlinizdən çıxaraq qapıdan keçmişdi...
- (gülür) Doğrudur. Kamran kimi topu tutsam da, əlimdə sürüşdü qapıya girdi. Fərq ondadır ki mənə zərbəni "Kəpəz"in futbolçusu Xaliq Mərdanov mərkəzdən vurmuşdu. Kamranda isə cinahdan asma oldu. Mənim də başıma belə iş gəlib. Elə bil başıma qaynar su tökdülər, şokda idim. Hesab 0:0 idi, son dəqiqələr gedirdi, istəyirdim ki, hücumçumuz Paşa Əliyevə topu tez atıb hücuma keçək, Ancaq belə alındı.  
 
- Ağayevin digər qollarda səhvi var idi?
- Yox. Buraxdığı 2 qoldan biri penalti idi. Zərbənin istiqamətini də yaxşı tapdı. Sadəcə, topa bir az gec tullandı.
 
- Ümumiyyətlə, bir qapıçı məşqçisi kimi yetirmənizin çıxışını necə təhlil edərdiniz?
- Millinin məşqçisi kimi ümumilikdə razı qalıdm. Təbii ki, həmin səhvi nəzərə almasaq. Kamranın bir qapıçı kimi texnikasına söz yoxdur. Buna dəfələrlə şahid olmusunuz ki, o, texnikadan korluq çəkmir. Çünki uşaqlıqdan məktəb keçib. Cəmaləddin Əliyev onun bir qapıçı kimi təməlini yaxşı qoyub. Ağayev 85-ci dəqiqəyədək çox xoşuma gəldi. "Çərçivə”də, çıxışda yaxşı idi, ayaqla da inamlı oynayırdı. Bizdə milidə qapıdan zərbə ilə topu cinahlara vurur. Orda da bunu ona tapşırmışdılar.
 
- Sizcə, bu səhv onun Portuqaliyadakı karyerasına mənfi təsir göstərə bilərmi? Yəni "Boavişta”nın baş məşqçisi ona daha güvənməz...
- Mən inanmıram. Heç vaxt bir oyunla səhvlə götürmürlər ki... Onu nəzərə alaq ki, Ağayev kluba yeni gəlib. Hələ sağ olsun baş məşqçisi ki, ona inanaraq əsas heyətə qoyub. Mən biləni Kamranın əvvəlki oyunlarını izləyib. Bu, 100 faizdir. Bilirlər ki, Kamran millidə qapıda durub, Portuqaliyaya, Almaniyaya, Avropanın böyük futbol ölkələrinə qarşı oynayıb. Hesab edirəm ki, baş məşqçisi ona yenə inanacaq.
 
- Belə fikirlər səslənir ki, Ağayevin uzun müddətdir oyun praktikası olmadığına görə onu əsas heyətə qoymaq düzgün dyeildi. Siz bu fikirlə razısınız?
- Yox. Niyə ki? Biz onu San Marino ilə rəsmi oyunda əsas heyətə qoyduq. "Çərçivə”də onun dayanmasına qərar verdim ki, qoy, oyun praktikası yavaş-yavaş gəlsin. Qarşıda millini çətin oyunlar gözləyir. Biz Kamrana güvənirik. O, milliyə çox kömək edəcək.
 
- Düşünürsünüz ki, Kamranda ruh düşkünlüyü yaranmaz?
- Bəli, çünki onda xarakter var. Mən Kamranla tez-tez danışıram. Ona bir məşqçi, böyük qardaş kimi ürək-dirək verdim. Matçdan qabaq da danışmışdım.
 
- Bəs oyundan sonra danışmısınız?
- Bəli. Dərhal zəng vurmadım. Gözlədim ki, bir az yatsın, dincəlsin, psixoloji cəhətdən sakitləşsin, o səhvi yaddan çıxarsın. Görürəm ki, hələ dilxordur. Bu, danışığından görsənir. Kamrana dəstək laızmdır. O, bizim fəxrimizdir. Məgər bizdən indiyədək Portuqaliya çempionatında qapıçı dayanıb? Buna nail olubsa, Azərbaycan futbolu üçün böyük şeydir, qapçılar məktəbimizin işinin nəticəsidir. Deməli, Kamrandan sonra gələcəkdə bəzi gənc qapıçıların Avropaya getməsi mümkündür. Hələ məşqçiliyi qoyuram bir kənara, bir Azərbaycan vətəndaşı olaraq sevinirəm ki, qapıçılarımız Avropa klublarında oynayır. Portuqaliyada yaşayan azərbaycanlı azarkeşlər gəlib əllərində bayrağımız Kamrana dəstək olacaqlar. Bu, Azərbaycanın adına böyük uğurdur.
 
- Ağayev qoldakı səhvini nezə izah etdi?
- Fikirlərimlə razılaşdı. "Faiq müəllim düz söyləyirsiniz” dedi. Fikirləşib ki 1:2 hesabı uduzuruq, topu tez tutub irəli atım və hücuma tez başlayaq. O, matçda daha öncə bir neçə dəfə belə etdi. Topu tez tutaraq ayağı ilə cinahlara tərəf vurdu. Fikirləşib ki, mənim üçün rahat topdur, tutaram. Ancaq ona əlini qoyan kimi əlindən çıxıb, çaşıb qalıb.
 
- Millimizin baş məşqçisi Robert Prosineçki ona bu səhvi bağışlayacaqmı?
- Prosineçki gələn gündən Ağayevə inanır. Onun oyunları videoyazısını izləyib. Hələ Berti Fqostun vaxtında milidə çıxışına baxıb. Kamran Türkiyədə də oynayandan ondan məlumat alırdı. Qapıçımızı yaxşı tanıyır.
 
- Sizcə, Kamran Portuqaliyada möhkəmlənə bilərmi?
- Bəli. Ilk olaraq fəxr edirəm ki, azərbaycanlı qapıçı Avropanın yüksək liqasında oynayır. Siz baxarsınız, Kamran Portuqaliya çempionatının ən yaxşı qapçılarından biri olacaq. Bu sözlərim gələcək təsdiqini tapacaq. Bunu mən sizə deyirəm, inanın mənə. Bir səhvlə hələ heç nə demək olmaz. Ağayevi bu səhvlə yıxmalı, onun üstündən xəttə çəkməli deyilik.
 
- Biz yıxmırıq. Sadəcə, Portuqaliyadakılar başqa cür düşünə bilərlər...
- Onlar da məşhur qapıçılara baxsınlar da. Gəlin, belə danışaq, dünya şöhrətli qapıçılar da iki dəqiqədən bir səhv edirlər. Onda Noyeri, Buffonu səhvdən sonra qapıya qoymasınlar da...Desinlər ki, Buffon daha qocalıb, vəsaalam, oynatmayaq. Noyer son Avrpa çempionatında Almaniya yığmasına heç kömək etmədi. Desinlər ki, formada deyilsən, qapı üzünə açıqdır. Elə düz deyil axı. (Sportnet)