"Onlara elə bir iradım yoxdur" - Qurban Qurbanov
"Oyundan razı qaldım. Burada belə stadionda, belə azarkeş qarşısında oynamaq həmişə çətin, ağır olur. Meydançanın vəziyyəti üzündən topla davranmaq çətin idi. Amma buna baxmayaraq, futbolçular topa sahib olmağa çalışdılar. Xeyli sayda qol imkanları oldu".
Olimpsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"lə səfərdə keçirdikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
44 yaşlı mütəxəssis məğlubiyyətdən qurtularaq, bir xal qazanmalarını müsbət hal kimi dəyərləndirib: "Ən azından bir xal götürdük. Burada qazanılan xal hər bir komanda üçün çox vacibdir. Futbolçulara "sağ olun" deyirəm. Sonadək qələbə üçün əllərindən gələni etdilər, vuruşdular. Onlara elə bir iradım yoxdur. Sadəcə, ola bilsin, bir neçə epizodda diqqətsizlik oldu. Hər iki komandaya uğurlar arzulayıram".
Qurbanov yeni hücumçu Dino Ndlovunun komandaya tap uyğunlaşa bilədiyinə dair fikirlərə isə belə reaksiya verib: "Ola bilsin, Əfran İsmayılovla Reynaldo bir-birilərini yaxşı başa düşdülər. Bu da onların bir-birilərini daha yaxından tanımaları ilə bağlıdır. Dino da yaxşı çıxış etdi. Qol imkanı da oldu. Sadəcə, zərbəsi qapı dirəyinə tuş gəldi. Həqiqətən də çox yaxşı qol epizodu yaratmışdı. Bundan əlavə, ilk yarıda futbolçular daha istəkli, hazır idilər. Buna görə də oyna oynamaq bir az çətin idi. Çünki mərkəz müdafiəçiləri onlara çox yaxın oynayırdılar. Əfranla Reynaldo çoxdan birgə oynayırlar. Dino Ndlovuda isə qol epizodlarında bəxti gətirmir".
Baş məşqçi "Kəpəz"ə qarşı oynayan futbolçuların çoxunun İtaliya "Fiorentina"sı ilə Avropa Liqası matçında meydana çıxacaqlarını da əlavə edib: "Bundan əvvəl bir çox oyunçumuza istirahət vermişdik. Amma hazırkı heyətdəkilərin çoxu "Fiorentina" ilə görüşdə heyətdə olacaq".