"BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarının açılış mərasimi keçirilib
Rusiyanın Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarının açılış mərasimi keçirilib.
"Olimpsport" xəbər verir ki, tədbirdə Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov və Rusiyanın idman naziri Mixail Deqtyaryov çıxış ediblər.
Rusiyanın inkişaf tarixini əks etdirən videonun nümayişindən sonra iştirakçı ölkələrin bayraqları hər bir ölkənin bayraqdarları tərəfindən səhnədə nümayiş olunub. Azərbaycan bayrağını avarçəkmə üzrə “Amber Oars” beynəlxalq reqatasının gümüş və bürünc mükafatçısı, “Prezident Kuboku 2015” beynəlxalq reqatasının qızıl mükafatçısı Ziya Məmmədzadə daşıyıb.
Ardınca Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videomüraciətlə iştirakçılara uğurlar arzulayıb və yarışı açıq elan edib.
90-dək ölkədən 3000-dək idmançının mübarizə aparacağı oyunlara daxil olan növlərin təqlid olunduğu rəqslər nümayiş olunub.
Sonda idmançılar, hakimlər adından andiçmə olub və tədbir konsert proqramı ilə davam edib.