Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan millisi Binə Atçılıq Mərkəzində keçirilən çövkən üzrə dünya çempionatında finala vəsiqə qazanıb.

"Olimpsport" xəbər verir ki, qrup mərhələsindəki sonuncu oyunda Özbəkistanla qarşılaşan yığma rəqibini 7:0 hesabı ilə üstələyib.

Bununla da qrup mərhələsində bütün oyunları qələbə ilə bitirən komanda finala çıxıb. Təmsilçimiz həlledici oyunda B qrupunu lider kimi tamamlayan Mərakeş komandası ilə qarşılaşacaq.

A və B qrupunda ikinci yeri tutan Özbəkistan və Nigeriya komandaları üçüncülük uğrunda qarşılaşacaqlar. Hər iki oyun iyunun 16-da keçiriləcək.

Qeyd edək ki, milli qrupda keçirdiyi əvvəlki oyunlarda Qazaxıstan, Türkiyə və Maltanı 5:0 hesabı ilə məğlub edib.