Avstriya və Fransa milliləri üçüncü dəfə böyük turnirlərdə qarşılaşacaqlar

Almaniyada keçiriləcək Avropa çempionatının D qrupunda üz-üzə gələcək Avstriya və Fransa milliləri üçüncü dəfə böyük turnirlərdə (Avropa və dünya çempionatı) qarşılaşacaqlar.

"Olimpsport" xəbər verir ki, əvvəlki hər iki matç mundiallara təsadüf edib.

1934-cü ildə rəqibinə 2:3 hesabı ilə uduzan fransızlar 1982-ci ildə qələbəyə seviniblər - 1:0.

E qrupunun I turunda ilk olaraq Rumıniya və Ukrayna yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Tərəflər indiyədək rəsmi qarşılaşmalarda görüşməyiblər. Altı yoldaşlıq matçının 3-də rumınlar, 2-də Ukrayna seçməsi qalib gəlib, bir dueldə heç-heçə qeydə alınıb.

Bu qrupdakı Belçika və Slovakiya da tarixlərində ilk dəfə rəsmi oyunda qarşılaşacaqlar. Əvvəlki 3 yoldaşlıq görüşünün ikisində eyni hesab (1:1) qeydə alınıb, digərində isə Belçika kollektivi qələbə qazanıb - 2:1.

Qeyd edək ki, Rumıniya - Ukrayna oyunu Bakı vaxtı ilə saat 17:00-da, Belçika - Slovakiya matçı saat 20:00-da, Avstriya - Fransa görüşü isə saat 23:00-da start götürəcək.