İtaliya və İspaniya yığmalarının böyük turnirlərdə 11-ci dueli: "Gli Azzurri"nin aşkar üstünlüyü
Almaniyada keçirilən Avropa çempionatının B qrupunun II turunda üz-üzə gələcək İspaniya və İtaliya milliləri daha əvvəl 10 dəfə böyük turnirlərdə (dünya və Avropa çempionatlarında) qarşılaşıblar.
"Olimpsport" xəbər verir ki, bu matçların dördündə qələbə qazanan italyanlar yalnız 2012-ci ildəki Avropa çempionatının finalında əsas vaxtda rəqibinə uduzub - 0:4.
Digər beş görüş heç-heçə yekunlaşıb. Bunlardan AVRO-2008-dəki 1/4 final qarşılaşmasının (əsas və əlavə vaxtda 0:0) penaltilər seriyasında ispanlar "Gli Azzurri"ni büdrədə bilib - 4:2.
C qrupunda bir-birinə rəqib olan Sloveniya və Serbiya seçmələri ilk dəfə böyük turnirlərdə üz-üzə gələcəklər. Komandalar daha əvvəl Yuqoslaviya dönəmində, 2000-ci ildəki Avropa çempionatında qarşılaşıblar. Qrup mərhələsinə təsadüf edən görüş heç-heçə yekunlaşıb - 3:3.
C qrupunun digər oyununda İngiltərə Danimarkanı sınağa çəkəcək. Komandalar üç dəfə böyük yarışlarda münasibətlərə aydınlıq gətiriblər. Bunların birində qalib müəyyənləşməyib, digər iki matçda isə britaniyalılar üstün olublar.
Qeyd edək ki, Sloveniya - Serbiya dueli Bakı vaxtı ilə saat 17:00-da, Danimarka - İngiltərə oyunu 20:00-da, İspaniya - İtaliya qarşılaşması isə 23:00-da start götürəcək.