Almaniya millisinin gənc futbolçusu Avropa çempionatları tarixinə düşüb
Almaniya millisinin gənc futbolçusu Camal Musiala Avropa çempionatları tarixinə düşüb.
"Olimpsport" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsində Danimarkanı məğlub edən meydan sahiblərinin yarımmüdafiəçisi uğura imza atıb.
O, gənc yaşda Avropa çempionatlarında 3 qol vuran ikinci futbolçu olub. C.Musiala bu göstəricidə yalnız İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runidən geri qalır. İngiltərəli futbolçu AVRO-2004-də 18 yaş, yeddi ay və 28 günlüyündə olarkən 3 qol vurmağı bacarıb. Almaniyalı yarımmüdafiəçi isə bunu 21 yaş, dörd ay və üç günlüyündə həyata keçirə bilib.
Qeyd edək ki, Almaniya - Danimarka matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın 68-ci dəqiqəsində C.Musiala komandasının ikinci qolunu vurub.