"Tottenhem" klubu Azərbaycan millisinə qol vuran futbolçunu transfer edib
İngiltərənin "Tottenhem" klubu Azərbaycanın U-21 millisinə qol vuran "Lids"in yarımmüdafiəçisi Arçi Qreyi transfer edib.
"Olimpsport" klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.
Qrey London təmsilçisində 14 nömrəli formanı geyinəcək. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 41,25 milyon avro göstərib.
A.Qrey "Lids"in heyətində 52 oyuna çıxıb və ötən mövsüm Çempionşipdə ilin ən yaxşı gənc futbolçusu seçilib.
Futbolçu İngiltərənin gənclərdən ibarət millisinin heyətində meydana çıxdığı iki matçda bir qol vurub. O, martın 22-də "Qarabağ Arena"da keçirilən Avropa çempionatının seçmə mərhələsində U-21 millimizə 5:1 hesabı ilə qalib gəldikləri oyunun 88-ci dəqiqəsində fərqlənib.