Cavid Hüseynovun vəkili: “4 il istənilibsə, güzəşt olunma ehtimalı azdır”
“BAŞ VERƏNLƏR ÇOX SİYASİLƏŞDİ, CƏMİYYƏTDƏ BÖYÜK REZONANS YARADILDI, ADİ HALDA BELƏ VƏZİYYƏTDƏ HEÇ KİM İTTİHAM OLUNMUR”
“Dövlət ittihamçısının Cavid Hüseynov üçün istədiyi cəza çox ağır oldu”. Olimpsport.az saytının məlumatına görə, bu sözləri hazırda həbsdə olan “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovun vəkili Adəm Məmmədov deyib.
Məmmədov qeyd edib ki, hüquqlarını qoruduğu şəxs günahsızdır: “Əvvəldən də istəyirdik ki, məhkəmə prosesi jurnalistlərin iştirakı ilə açıq keçirilsin. Bu halda həqiqət hər kəsə, cəmiyyətə aydın olacaqdı. Məhkəmə prosesində ən axırıncı mərhum Rasim Əliyevin dostu Mahmudov Aydın Azər oğlu ifadə verdi. O bildirdi ki, Cavid Hüseynov xəstəxanada olarkən mərhuma hər hansı bir vəd verməyib. Qeyd olundu ki, Cavid şikayət olmayacağı halda, bütün xərcləri üzərinə götürəcəyini də söyləməyib. Üstəlik, şahidin ifadəsindən də aydın olur ki, Cavid Hüseynov və “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı xəstəxanada olarkən artıq polislər hadisədən xəbər tutublar və ora gəliblər. Eləcə də Cavid baş verənləri məhz xəstəxanada öyrənib. Bütün bunlar önu göstərir ki, hüquqlarını müdafiə etdiyim şəxs günahsızdır. Dövlət ittihamçısının Cavid Hüseynov üçün istədiyi cəza müddəti çox ağırdır”.
Vəkil qeyd edib ki, bu məsələ siyasiləşib: “Hadisə ehtiyatsızlıqdan olub. Mərhumun aldığı xəsarətin dərəcəsi, sonradan ölümü - bütün bunları Cavid əvvəldən bilə bilməzdi. Üstəlik, münaqişə baş verdikdən sonra mətbuatda bu haqda xəbərlər çıxdı. Yəni, Cavidin hadisəni gizlətməsindən söhbət gedə bilməz. Məhkəmə prosesində tam müəyyən olundu ki, polislər xəstəxanada olub. Rasim Əliyev həm Cavid Hüseynovun, həm də Səbuhi Səfiyarlının gözü qarşısında şikayətini edib. Hər şey açıq-aşkar ortadadır. Belə olan halda ittihamın sərt formada olması ədalətsizdir. Cavidin atası Cəbrayıl batalyonunun yaradıcılarından biridir, zabit olub. Yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etməyib. Sona qədər vuruşub və Ağdamda snayper gülləsinin qurbanı olub. Bu məsələyə ikili yanaşılır. Baş verənlər çox siyasiləşdi, cəmiyyətdə böyük rezonans yaradıldı. Adi halda belə vəziyyətdə heç kim ittiham olunur. Bir daha təkrar edirəm ki, məhkəmə zamanı sübut olundu ki, hüquqlarını müdafiə etdiyim şəxs günahsızdır”.
Adəm Məmmədov vurğulayıb ki, Cavid Hüseynov günahsız olsa da, onun həbsdə qalması ehtimalı yüksəkdir: “Məhkəmə hələ yekun qərarını açıqlamayıb. Amma işin gedişatı göstərir ki, Cavid Hüseynova ən ağır cəza verilə bilər. 4 il istənilibsə, həmin müddətdən 1 il, 6 ay belə güzəşt olunması ehtimalı azdır. Cavidin həbsdə qalmaq ehtimalı böyükdür”.
Sonda vəkil vurğulayıb ki, hüquqlarını müdafiə etdiyi şəxsin məhkəməsi təzyiq altında keçib: “Cavid Hüseynov futbolçu olsa da, ona güzəşt edilmir. Çünki məsələ çox şişirdildi, baş verənlər Avropa dövlətlərinə, Avropa Şurasına qədər gedib çıxdı. Belədə hüquq-mühafizə orqanları təyziq altında qərarlar qəbul etdilər. Məhkəmə də təzyiq altında keçdi".
Mənbə: Futbolxeber.az