Belçika şəhərləri İsraillə futbol matçına ev sahibliyi etməkdən imtina edirlər

Heç bir Belçika şəhəri Belçika və İsrail arasında Millətlər Liqası futbol matçına ev sahibliyi etmək istəməyib.

“Olimpsport” xəbər verir ki, bu barədə “Het Laatste Nieuws” məlumat yayıb.

Bildirilib ki, Leven, Brügge, Antverpen və Lyej şəhərləri matça ev sahibliyi etməmək qərarına gəliblər. Buna görə də Belçika Kral Futbol Assosiasiyası (KBVB) Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə alternativ variantları müzakirə edir.

Sentyabrın 6-da Millətlər Liqasının birinci turu çərçivəsində Belçika ilə İsrail arasında görüş keçirilməlidir.

Qeyd edək ki, iyunun 19-da paytaxt Brüssel matçı keçirməkdən imtina edib. Belçika meriyadan bildiriblər ki, matça görə şəhərdə etiraz aksiyaları başlaya bilər, azarkeşlər, komandalar və paytaxt sakinləri üçün təhlükə yarana bilər.