"Təbii ki, qapımıza təyin edilən penalti şübhəlidi" - Şevçenko
“İlk hissədə komandamız çox yaxşı oynadı. Türklərə fasiləyə qədər, demək olar ki, şans vermədik”. Olimpsport.az xəbər verir ki, bu sözləri Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Türkiyə yığmasının qonağı olan ukraynalılar səfərdən 1 xalla qayıdıblar. Şevçenkonun komandası matçın gedişində 2 top fərqilə önə keçsə də, yekunda 2:2 hesablı bərabərlik qeydə alınıb.
Matçdan sonra keçirilən mətbuat konfransında “Şeva” oyunu şərh edib. O, “ay-ulduzlular”ın lehinə təyin olunan penalti ilə razılaşmadığını bildirib: “Final fitinə dəqiqələr qalmış bərabərlik qolunu buraxdıq. Son 10 dəqiqədə bizə lazım olan nəticəni qoruya bilmədik. Bunun səbəbi yorğunluq oldu. Dəyişikliklər edib, matçın gedişini dəyişmək istədim. Lakin türklər çox yaxşı konsentrasiya olmuşdular. Təbii ki, qapımıza təyin edilən penalti şübhəlidi. O epizodun təkrarına baxacam”.
Şevçenko komandasının sərgilədiyi futbolu bəyəndiyini əlavə edib: “Vur qabağa, qaç” prinsipi mənlik deyil. İstəyirəm ki, kombinasiyalı oyun göstərək. Türkiyə ilə oyun sübut etdi ki, düzgün yoldayıq. Fasiləyə 2:0 hesabı ilə yollana bilsəydik, türklər ruhdan düşərdilər. Onların da yaxşı qol epizodları oldu. Amma boşluqları da kifayət qədərdi”. (Apasport)