Yardımlı şəhidlərinin xatirəsinə sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib
İyulun 27-də Yardımlı İdman Kompleksində Yardımlı şəhidlərinin xatirəsinə həsr edilmiş sərbəst güləş üzrə U-15 kiçik yaşlı yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.
Azərbaycan Güləş Federasiyasının əsasnaməsinə uyğun olaraq, Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı İdman Kompleksinin təşkilatçılığı və Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Babaşovun dəstəyi ilə keçirilən yarışın açılış mərasimi dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birinciliyin açılış mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Babaşov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Yardımlı rayon şöbəsinin rəisi İlqar Məmmədov, Rayon ziyalısı, tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Musa Qasımlı, AİJA-nın vitse-prezidenti, “Olimpsport” jurnalının baş redaktoru Ramin Allahverdiyev, şəhid valideynləri, müharibə veteranları və rayon ziyalıları iştirak ediblər.
Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov yarış iştirakçılarını salamlayaraq, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb. O, yarışın təkcə idman hadisəsi kimi deyil, həm də mənəvi əhəmiyyət kəsb edən bir tədbir kimi mühüm əhəmiyyət daşıdığını bildirib. Azərbaycan komandasının hazırda 48 idmançı ilə Paris-2024 Yay Olimpiya Oyunlarında təmsil olunduğunu deyən Ayaz Əsgərov olimpiyaçılarımıza uğurlar arzulayıb.
İcra başçısı həmçinin ölkəmizin idman həyatı ilə yanaşı, ictimai-siyasi həyatında da fəallığını qeyd edib. O, noyabr ayında ölkəmizin COP29-a ev ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın fəal hazırlıq prosesində olduğunu deyib.
Birinciliyin əsas məqsədinin şəhidlərin əziz ruhunu yad etməkdən ibarət olduğunu deyən Rayon Polis şöbəsinin rəisi, yarışın təşəbbüskarı, polis polkovniki Rauf Babaşov isə belə yarışların bölgə idmançılarının inkişafı üçün əhəmiyyətindən danışıb.
Sonra şəhid atası Ədalət Qarayev və şəhid anası Rəsmiyə xanım çıxış edərək yarış təşkilatçılarına minnətdarlığını bildiriblər. Onlar torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda döyüşmüş qəhrəmanların gələcək nəslə tanıdılmasında bu cür yarışların müstəsna rol oynadığını vurğulayıblar.
Rayon ziyalısı, tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Musa Qasımlı çıxışında şəhidlik zirvəsinin müqəddəsliyindən danışıb və turnirin əhəmiyyətini yüksək qiymətləndirib.
Yardımlı Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi Elçin Novruz çıxış etdikdən sonra yarışın baş hakimi, güləş üzrə beynəlxalq dərəcəli hakim, Yardımlı rayon Polis Şöbəsinin rəis müavini Tural Əliyev birinciliyi açıq elan edib.
Daha sonra mərasim bədii hissə ilə davam edib.
Qeyd edək ki, açıq birincilikdə Lənkəran, Cəlilabad, Astara, Masallı, Biləsuvar və AİJA güləş komandasını təmsil edən 100-ə yaxın idmançı mübarizə aparıb.
Yarışda 10 çəki dərəcəsi üzrə ilk üç yeri tutan idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, açıq birinciliyin informasiya dəstəkçisi "Olimpiya dünyası" qəzeti, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) və "Olimpsport.az" saytı olub.