"Bizim yuxuya getməyə vaxtımız yoxdu" - Rahid Əmirquliyev
Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində doğma azarkeşləri önündə Norveçi 1-0 hesabı ilə məğlubiyyətə uğradıb.
Millimizin futbolçusu Rahid Əmirquliyev jurnalistlərin suallarını cavablandırıb:
- Oyun haqqında fikirləriniz necədi?
- Düzdü, bizim üçün çətin oldu. Norveç elə-belə komanda deyil. Stadionun qazonu çox ağır idi. Bütün bunlara baxmayaraq biz yaxşı hazırlaşdıq və layiqli qələbə qazandıq. Bizə dəstək olduqlarına gözə azarkeşlərə təşəkkür edirəm.
- Bu gün stadionda belə azarkeş dəstəyinin olacağını gözləyirdinmi?
- Stadion böyükdü. Düzünü deyim ki, gözləmirdik. Fikirləşirdik ki, azarkeş sayı az olacaq. Bizi dəstəkləyənlərə minnətdarlığımı bildirirəm.
- “Niyə də yox?” şüarı sizə nə dərəcədə köməklik edir?
- Onun milliyə köməyi dəymir, artıq istəyirik ki, hansısa nəticə verək. İndi elə vaxtdı ki, istənilən komandaya qarşı oynamaq olur. Ona görə də, biz maksimum xal qazanmağa çalışırıq.
- Azarkeşlər qrupda Almaniyadan öndə olduğumuzu yuxu kimi qəbul edirlər. Futbolçular yuxuda deyil ki?
- Yox. Bizim yuxuya getməyə vaxtımız yoxdu, iki gündən sonra Çexiya millisi ilə oyunumuz var. Ona görə də, ayıq olmalıyıq.
- Çexiya ilə səfər oyunu üçün gücünüz qalıb?
- Dediyim kimi, asan oyun oynamadıq. Stadion da ağır idi. Ancaq bizim çox oyunçumuz var. Yəqin ki, baş məşqçimiz müəyyən dəyişikliklər edəcək. Hər-hansı problem görmürəm.
- Bu gün Almaniya Çexiyanı böyük hesabla məğlub etsə, bu, sizin üçün üstünlük olmayacaq?
- Almaniya mütləq qalib gələcək. Çünki onlar çox güclü komandadı. Ancaq Çexiya da elə-belə komanda deyil. Onların Almaniya ilə oynaması, bizim üçün üstünlükdü. Biz nə qədər güc sərf etmişiksə, Çexiya daha çox güc itirəcək.
- Çexiya ilə oyunda qazanılacaq 1 xal sizin üçün uğur sayılacaqmı?
- Çalışacağıq ki, üç xalla qayıdaq. Niyə də yox?(Qafqazinfo)