“Formula 1”ə görə yollar bağlanır
Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
Olimpsport.az saytının məlumatına görə, hazırda Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri icra olunmaqdadır.
Bu səbəbdən Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən başlayaraq, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinə qədər olan hissə mayın 14-ü saat 20:00-dan etibarən mayın 15-i səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Əməliyyat şirkəti şəhər sakinlərindən xahiş edir ki, iş prosesi ərzində bu küçədə avtomobillərini saxlamasınlar. Əks halda işin gedişatına mane olan avtomobillər ərazidə olan Dövlət Yol Polisi əməkdaşlarının göstərişi ilə evakuasiya olunacaqlar.
Qeyd edək ki, Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.