"Səmimi deyim ki, bu barədə heç fikirləşməmişəm" - Çexiyanın baş məşqçisi
“Deməzdim ki, sabahkı görüş ən vacib sayılır. Bəli, ilk 2 oyun istədiyimiz kimi nəticələnmədi. Amma ümid edirik ki, Azərbaycanla matçda qələbə qazanacağıq”. Olimpsport.az saytının məlumatına görə, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində çexlər sabah Azərbaycan millisini qəbul edəcəklər.
Ev sahiblərinin çalışdırıcısı Yarolim matçdan öncə keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb: “Desəm ki, komandada gərginlik yoxdu, bu, yalan olar. Hər matçdan öncə gərginlik olur. Əlimizdən gələni edəcəyik ki, sabah 3 xal qazanaq”.
- Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkini şəxsən tanıyırsızmı?
- Mən onu məşqçi kimi yox, sabiq futbolçu kimi tanıyıram. Sabahkı qarşılaşmaları Norveçlə oyuna oxşar olacaq. Fərq ondadı ki, bu dəfə öz meydanlarında oynamayacaqlar, qonaq qismində çıxış edəcəklər.
- Sabah Azərbaycan millisinə qalib gəlməsəniz, kritik vəziyyət yarana bilərmi?
- Əlbəttə ki, mən bunu qəbul edə bilmərəm. Sabah xal itirməməliyik. Komandada kritik vəziyyətin yaranmasına imkan verməməliyik. İlk dəqiqələrdən Almaniya ilə oyundakı səhvləri etməməliyik. İnanıram ki, sabah stadiona çoxlu azarkeş gələcək və yığmanı sona qədər dəstəkləyəcəklər.
- Azərbaycanla sonuncu dəfə BƏƏ-də yoldaşlıq görüşündə qarşılaşmısınız, onda da Çexiya uduzub..
- Həmin oyun yadımdadı. Bir qədər fərqli matç idi. Hazırlıq çərçivəsində qarşılaşmışdıq. Həmin görüşün üstündən xeyli vaxt keçib.
- Almaniya ilə oyundakı heyətlə sabahkı matçın heyəti arasında nəsə fərq olacaqmı?
- Biz hər dəfə heyətdə müəyyən dəyişikliklər edirik. Bu, sabahkı matçla bağlı deyil. Məndən konkret adlar və hansı taktika ilə oynayacağımızı soruşmayın, burda azərbaycanlı müxbirlər də var. Heyəti sabah özünüz görəcəksiz.
- Azərbaycanın Norveçi məğlub etməsi sabahkı heyətlə bağlı qərarınıza təsir edəcəkmi?
- Rəqib Norveçə 1:0 hesabı ilə qalib gəldi. Azərbaycana qarşı ən yaxşı heyətimizi oynadacağıq.
- Sabah uğursuz nəticə qeydə alınsa, Çexiya yığmasının baş məşqçi postu boş qala bilərmi?
- Səmimi deyim ki, bu barədə heç fikirləşməmişəm. Hər şey ola bilər. Bizim funksiyamız öz işimizi layiqinə yerinə yetirməkdi. Azərbaycanla matçın necə nəticələnəcəyini heç kim deyə bilməz. Biz öz oyunumuzu yüksək səviyyədə keçirməliyik.
- Azərbaycan millisini özünüzə layiqli rəqib sayırsızmı?
- Mən heç bir rəqibi aşağılamıram, bizdən zəif olduğunu düşünmürəm. Azərbaycan Norveçlə matçda sübut etdi ki, güclü komandadı. Rəqibi güclü saymalı və onlardan üstün oynamalıyıq ki, qələbə qazanaq. (Apasport)