Paris-2024: Azərbaycan komandası güləş yarışlarında ilk medalını qazandı

Paris-2024 Yay Olimpiya Oyunlarında daha bir yarış gününə yekun vuruldu. Avqustun 8-də yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazdırıb. 67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə qırğızıstanlı Amantur İsmayılov üzərində 8:0 hesabı ilə qələbə qazanaraq ölkəmiz adına ilk bürünc medala sahib çıxıb.

Bu, həmçinin Azərbaycan yunan-Roma güləşçilərinin yarışda qazandığı tək mükafat olub.

Bu gün mübarizəyə start verən sərbəst güləşçilərimizdən Osman Nurmaqomedov (86 kq) və Əliabbas Rzazadə (57 kq) isə məğlub olaraq turniri mükafatsız başa vurublar.

Yarış bədii gimnastımız Zöhrə Ağamirova üçün də uğurlu keçməyib. 23 yaşlı idmançı top, halqa, lent və gürzlə hərəkətlərin yekununda ümumilikdə 117.850 xal toplayıb. Bu nəticənin ardından ilk "onluq"dan kənarda qalan Zöhrə finala vəsiqə qazana bilməyib və yarışı 19-cu sırada başa vurub. .

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Boksçu Alfonso Dominqes (92 kq) isə finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Beləliklə, 15 idman növü üzrə 48 idmançı ilə Parisə yollanan komandamızın 39 üzvü artıq yarışlarda iştirak edib. Onlardan da 34-ü medal uğrunda mübarizəni dayandırıb.

Təmsilçilərimizdən Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) cüdo yarışlarında qızıl medal qazanaraq Azərbaycan himnini səsləndiriblər. Taekvondoçumuz Qaşım Maqomedov (58 kq) gümüş, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) isə bürünc medal qazanıb. Boksçumuz Alfonso Dominqes (92 kq) isə olimpiadada mübarizəsini davam etdirir. O, finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq.