Ədalət təmsilçilərimiz dünya birinciliyində hakimlik edirlər
İdman siyasətini müəyyənləşdirən əsas amillərdən biri də müxtəlif idman növləri üzrə həmin ölkəni təmsil edən hakimlər kontingentinin olmasıdır.
Birmənalı olaraq beynəlxalq yarışları idarə edən hakimlər davranışları, qərarları ilə mənsub olduğu xalqı, dövləti təmsil edirlər. Ədalətli qərarı ilə seçilən hakim beynəlxalq arenada ölkəsinin imicini formalaşdıran, mənsub olduğu xalq barədə təsəvvür yaradan simalardan olur.
İdmançılar nə qədər məşq etsələr, yarışa hazır olsalar belə, hakim olmadan yarışlar keçirilə bilməz. Hakimin davranışı, düzgün və ədalətli qərarı görüşü daha maraqlı edir. Yarışın müqəddəratını həll edən də o olur. Son anda idmançı da, tamaşaçı da həyəcanla hakimin qərarını gözləyir.
Müstəqillik dönəmində ölkəmizin müxtəlif idman növləri üzrə hakim kontingenti formalaşıb ki, onlar da bu gün Azərbaycanı beynəlxalq arenalarda idmançılarımız qədərə uğurla təmsil edirlər.
Hazırda İordaniyanın Amman şəhərində keçirilən güləş üzrə U-17 dünya birinciliyində də azərbaycanlı ədalət təmsilçilərinə etimad göstərilib.
Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, güləş yarışlarını idarə edən hakimlər arasında Azərbaycanı təmsil edən I dərəcəli hakimlərimiz Tural Əliyev və Həbib Nurulu da yer alıb.
Qeyd edək ki, bir sıra yarışlarda hakimlik edən Tural Əliyev eyni zamanda Yardımlı rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışır. Ədalət təmsilçimiz dünya birinciliyində də ona olan etimadı layiqincə doğrultmağa çalışır. O, yarış zamanı müxtəlif çəki dərəcələri üzrə keçirilən təsnifat mərhələlərində və final yarışlarında xalça üzərinə çıxıb, peşəkarlığı və düzgün qərarları ilə yadda qalıb.
Qeyd edək ki, dünya birinciliyində yunan-Roma güləşi üzrə yarışlara artıq yekun vurulub. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya birinciliyində iştirak edən komandamız iki qızıl, bir bürünc medal qazanıb. Yekunda 105 xal toplayan millimiz komanda hesabında dünya üçüncüsü olub.