Avropa ölkələri yeni futbol çempionatı yaradır
Avropanın bir neçə ölkəsi bir araya gələrək yeni futbol çempionatı yaratmağa qərar veriblər.
Olimpsport.az xəbər verir ki, Belçika, Hollandiya, İsveç, Şotlandiya və Norveçdə artıq məsələ ilə bağlı işə başlanılıb.
Yeni yaradılacaq liqa UEFA-dan kənar fəaliyyət göstərəcək və bu çempionatda mübarizə aparan komandalar öz ölkələrində çıxış etməyəcək. Artıq Danimarkanın "Kopenhagen" klubu bu məlumatı təsdiqləyib. "Anderlext", "Seltik", "Ayaks", PSV, "Rusenborq", "Malmö" və "Brügge" klublarının da çempionata qatıla biləcəyi bildirilir.
Adıçəkilən komandalar yeni yaradılacaq liqada çıxış edəcəkləri təqdirdə UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.
Qeyd edək ki, adıçəkilən ölkələrdə bu cür addım atılmasına səbəb Çempionlar Liqasında formatın dəyişməsidir. 2018/2019 mövsümündən etibarən İspaniya, Almaniya, İngiltərə və İtaliyanın 4 klubu birbaşa qrup mərhələsində çıxış edəcək. Bu halda qitənin ən nüfuzlu klub turnirində digər ölkələr üçün cəmi 16 yer qalacaq ki, bu da digər ölkələrin narazılığına səbəb olub.(Report)