“Qarabağ” Yunanıstan klublarına bənzəmir” – Dieqo Bisesvar
“Çox yaxşı oyun keçirdik. İştirak etdiyimiz turnirlərdə iddialı olduğumuzu oyunumuzla bir daha göstərdik”. Olimpsport.az xəbər verir ki, bunu “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan PAOK-un yarımmüdafiəçisu Dieqo Bisesvar deyib.
Oktyabrın 20-də Bakıda “Qarabağ”ın qonağı olacaq PAOK səfər öncəsi Yunanıstan çempionatında V tur matçına çıxıb. Öz meydanında “İraklis”i 1:0 hesabı ilə məğlub edən Saloniki təmsilçisi xallarının sayını 8-ə çatdırıb və turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
Qarşılaşma ilə bağlı yerli mətbuata fikirlərini bildirən Bisesvar oyunlarından razı qaldığını söyləyib. Hollandiyalı hücumameyilli yarımmüdafiəçi hücum xəttində daha diqqətli çıxış etməli olduqlarını da vurğulayıb: “Bu cür oyunla daha çox qol vurmalı idik. İstənilən qələbə çətin olur, amma biz daha çox qollarla bunu asanlaşdıra bilərik. İnanıram ki, bu formanı qorusaq, həm çempionatda, həm də Avropa Liqasında daha çox xallar toplayacağıq. Bunun üçün hər bir oyunçu kimi, mən də əlimdən gələni edirəm”.
28 yaşlı futbolçu Avropa Liqasının III turunda “Qarabağ”la keçiriləcək matçla bağlı da danışıb. Bisesvar bu mövsüm Yunanıstan Super Liqasında və Avropa Liqasında məğlubiyyət üzü görmədiklərini xatırladaraq, bu seriyanı davam etdirmək istədiklərini deyib: “Daha yaxşı olmaq üçün əlimizdən gələni edirik. Fikrimcə, PAOK-un potensialı indikindən də güclü oynamağa imkan verir. İndi uğurlu seriyanı Bakıda davam etdirməliyik. Düzdü, bu dəfə fərqli rəqibə qarşı çıxış edəcəyik. “Qarabağ” Yunanıstan çempionatındakı komandalara bənzəmir. Fərqli oyun üslubu olan və səviyyəli futbolçulardan qurulan komandadı. Bizim kimi, onlar da qrupdan çıxmağa iddialıdılar. Bu üzdən Azərbaycan təmsilçisi ilə qarşıdakı iki oyun həm bizim, həm də onların taleyinə aydınlıq gətirə bilər. Hazırkı məqamda səfərdə 1 xal bizə sərf edir. Ancaq Bakıya heç-heçə yox, qələbə dalınca gedəcəyik”.
Qeyd edək ki, “Qarabağ” – PAOK oyunu oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Yunanıstandakı görüş isə noyabrın 3-nə təsadüf edəcək.(Apasport)