Kamran Ağayev: “Dedim, qadını götürün atın bayıra”
"İnter"in və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin müsahibəsi:
- Komanda kənardan necə təsir bağışlayırdı?
- Müdafiənin bu qədər zəif çıxış edəcəyini gözləmirdim. Həqiqətən gözlənilməz məğlubiyyət oldu. Lakin bu o demək deyil ki, bizim üçün hər şey bitib. Mübarizə aparmaq, çempionatı bürünc medallarla başa vurmaq lazımdır. Növbəti oyunda mütləq 3 xalı əldə etməliyik. "Neftçi" ilə matça da qələbə üçün çıxmışdıq. Deməzdim ki, rəqib bizdən birbaş üstün oynadı. Yox, sadəcə biz zəif çıxış etdik. Epizodlarımız da oldu ki, boşa verdik. Georgi Lomaya penaltini qaytarandan sonra düşünmürdük ki, qapımızdan 4 qol buraxarıq.
- “Zirə” ilə matçda nəyə ümid edirsiz?
- Qələbə qazanmalıyıq.
- 17 yaşlılar arasında Avropa çempionatını izləyirsiniz?
- Bütün oyunları izləyə bilmədim. Çünki zədəmi bərpa etməklə məşğul olurdum. Bir oyunu izlədim. Belçikanın Portuqaliya ilə oyunun izlədim. Belçikalıların qapıçısı çox yaxşı idi.
- Azərbaycan U-17 millisinin qapıçısı sizi əvəz edə biləcək?
- Bunu demək olmaz. Gələcəkdə hər şeyi görərik. Amma bizim vaxtımızda aşağı yaş qrupları milliləri üçün belə şərait yaradılmırdı. İnanıram ki, burdakı futbolçular gələcəkdə əsas milli üçün də nələrsə edə biləcəklər.
- Sizin restoranda dava etməyiniz haqqında yayılan xəbərlər səs-küyə səbəb oldu. Açıqlama verib restoranda qadını döymədinizi dediniz. Amma həmin xanım müsahibəsində fərqli danışdı...
- Bu məsələni çox şişirtdilər.
- Məsələnin kökü nə idi?
- Həmin restoran mənimdir. İcarəyə vermişəm. Dedilər ki, restorana içkili bir nəfər gəlib. Həm də xanım olduğunu bildirdilər. Özünü apara bilmirdi.
- Amma siz o xanımı əvvəlcədən də tanıyırdınız?
- Bəli, onu tanıyırdım. Müştəri kimi tanımışam. Dost olmamışıq və ya hər hansı başqa münasibət. Restoranda özünü apara bilməyib. Demişəm ki, götürün atın bayıra. Onun dediklərinə də baş qoşmuram. Sadəcə özünü apara bilməyib deyə icarəyə verdiyim adamlara elə tapşırıq vermişəm.
- Sizdən şikayət edilib?
- Məndən heç kim şikayət etməyib. Anlamıram ki, bu adam niyə gedib şikayət etmir, gəlib mətbuata danışır? Ümumiyyətlə, bu məsələ haqqında çox danışmaq lazım deyil. Sadəcə bu məsələnin şişirdilməsi kiminsə mənafeyinə xidmət edir. Mən də özümü hardasa apara bilməsəm, hansısa restoranın sahibi deyə bilər ki, bunu atın bayıra.
- Xanım müsahibəsinə tamam fərqli şeylər danışıb...
- Bir az zor tətbiq edib onu restorandan çıxarmışıq. Hüquq-mühafizə orqanlarına xəbər vermək bəlkə də daha doğru olardı. Amma vətəndaş borcumuzu yerinə yetirmişik. Özünü yaxşı aparaydı, restoranda qalmağa icazə verəydik.