Rəşad Sadıqov: “Karyeramın sonunun bu qədər uğurlu alınacağını gözləmirdim”
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov AZAL-la oyundan sonra (3:0) jurnalistlərin suallarını cavablandırıb.
Olimpsport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Mövsüm artıq başa çatdı və “Qarabağ” ardıcıl üçüncü dəfə çempionluğu rəsmiləşdirdi. Təəssüratların necədir?
- Çempionluğu 4-5 tur əvvəldən təmin etmişdi. Lakin bugünkü görüşdə də yaxşı oyun göstərməyə çalışırdıq. Qarşıda bizi kubokun finalı çərçivəsində “Neftçi” ilə çətin matç gözləyir. Finala qədər formada qalmağa çalışırıq. Çempion olduğumuz üçün çox şadam. Uğurlu mövsüm keçirdik və yenidən qızıl medallara sahib çıxdıq.
- Son 2 ildə Avroliqanın qrup mərhələsində oynayan “Qarabağ”dan bu mövsüm hansı nəticəni gözləmək olar?
- Əvvəldən nəsə demək olmur. Çempionlar Liqasında rəqiblərin hamısı ciddidir. Məncə, bizim üçün ən ağırı elə birinci mərhələ olacaq.
- Son 3 ildə 3 dəfə çempion oldun, “Qızıl dubl” etdin, 2 dəfə Avroliqanın qrupunda oynadın. Karyeranın sonunun bu qədər uğurlu alınacağını gözləyirdin?
- Bu, mənim üçün də gözlənilməz oldu. Düzdür, çempion olmağı, avrokubokların qrup mərhələsində oynamağı arzulayırdım. Amma hər şeyin bu qədər uğurlu olacağını gözləmirdim. Həmçinin millinin heyətində 100-cü oyunumu keçirdim.
- Gələcək laryeranla bağlı yekun qərar qəbul etmisən?
- Hələ ki, yox. Gələcəkdə məşqçi də ola bilərəm, menecer də. Klubda hansısa digər vəzifəni tutmağım, ya da ümumiyyətlə futboldan uzaq qalmağım mümkündür.
- Biz Rəşad Sadıqovu futbolsuz təsəvvür edə bilmirik. Özün bunu təsəvvür edə bilirsən?
- Mənim üçün də bunu təsəvvür etmək çətindir.
- Bu gün Azərbaycan futbolunda Rəşad Sadıqovu əvələyə biləcək oyunçu qismində kimi görürsən?
- Mən özümü elə də böyük futbolçu hesab etmirəm. Yaxşı gənclərimiz var. Mən də yaxşı futbolçu olacaqlar.