AKF prezidenti icazəsiz rinqə çıxanlara xəbərdarlıq etdi
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev icazəsiz rinqə çıxanlara xəbərdarlıq edib. Olimpsport.az xəbər verir ki, bu barədə O, öz "feysbuk" profili vasitəsi ilə məlumat yayıb.
"Dostlar, neçə müddət idi ki, səbr etdiyim mövzuya toxunmaq məcburiyyətində qaldım. Bu gün təəssüf ki, bəzi insanlar öz maraqları naminə əziyyət çəkmiş insanların haqlarına girməkdən çəkinmirlər. Düşünürdüm ki, onlar bu günə qədər bizim şifahi sözlərimizdən hansısa nəticəni çıxararlar. Təəssüf ki,belə olmadı.
Belə ki, bu günə qədər bəzi şəxslər və federasiyalar öz idman növlərini kənara qoyub, bizim idman növündən yarışlar keçirirlər. Hətta daha da irəli gedərək, öz idmançılarını yarışlara göndərirlər. Öz idman növlərindən dərsləri bir kənara qoyub, kikboksinq dərsləri keçirlər. Biz ölkədə idmanın inkişafını dəstəkləyirik. Bunu kütləvi olması üçün də bütün səylərimizlə çalışırıq. Ancaq hər şey rəsmi və qanuni çərçivədə olmalıdır.
Ümumiyyətlə, onlar kikboksinqlə bağlı yarış və tədbirlər keçirirlərsə, mütləq bizdən icazə almalıdırlar. Əks-halda məsuliyyət (günah) öz üzərlərində qalacaq. Biz bütün imkanlarımızdan istifadə edib, federasiyamızın fəaliyyətinə müdaxilə edən həmin federasiyaların qanuni çərçivələrdə cəzalandırılmalarına nail olacağıq.
Sonda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin, 8501 saylı şəhadətnaməsini rəhbər tutaraq, Həvəskarlar və Peşəkarlar arasında Rinq döyüşləri keçirtmək istəyən klubların Kikboksinq Federasiysından razılıq almaları ilə bağlı rəsmi sənədi təqdim edirəm".