Ronaldo ömürlük sponsorluq müqaviləsi bağlayıb

Portuqaliya millisinin və Madridin “Real” klubunun futbolçusu Kriştianu Ronaldo yeni müqavilə imzalayıb.

Olimpsport.az “Sunday times” qəzetinə istinadla xəbər verir ki, 31 yaşlı hücumçunun bu dəfə sponsorluq anlaşmasının təfərrüatı üzə çıxıb. Belə ki, Ronaldo “Nike” firması ilə ömürlük saziş imzalayıb. Müqavilənin şərtlərinə görə, futbolçu “Nike”in geyimlərindən istifadə edəcək və bundan ildə 24 milyon dollar gəlir əldə edəcək. Ronaldo 73 yaşınadək “Nike”in geyimlərindən istifadə edəcəyi təqdirdə bir milyard dollar qazanacaq.

O, adıçəkilən brendlə ömürlük müqavilə imzalayan üçüncü idmançı olub. Ona qədər məşhur basketbolçular Lebron Ceyms və Maykl Cordan da analoji sövdələşmədən yararlanıblar.

Qeyd edək ki, Ronaldo bu yaxınlarda “Real”la müqavilə müddətini 2021-ci ilə qədər uzadıb. Razılığa görə, onun illik məvacibi 50 milyon avro təşkil edəcək.