San Marinodan Almaniyaya cavab - “İnkar etməyin...”
DÇ-2018-in seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Almaniya millisinin üzvü Tomas Müller yerli mətbuata açıqlama verib.
Olimpsport.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Bavariya"nın futbolçusu seçmə mərhələnin V turu çərçivəsində San Marinonu məğlub etdikləri (0:8) oyunundan sonra "Belə oyunların hansı məna verdiyini başa düşmürəm. Bu matçlar yalnız təqvimdə sıxlıq yaradır. Məncə, belə komandaların çempionatda yer alması düzgün deyil” söyləyib.
Bu isə San Marino cəbhəsində qıcıqla qarşılanıb. “Cırtdan"ların idman direktoru Alan Qasperoninin Müllerə cavabı belə olub: “Almaniya millisi bizə daha çox qol vura bilərdi. Bilirəm ki, qapıçımız Simonçini komandamızı real qollardan xilas etdiyi vaxtlarda çox əsəbləşmisiz, inkar etməyin. Bu oyun Rummenigge və Bekenbauer kimi rəhbərlərə futbolun həqiqi sahiblərinin onlar yox, futbolu sevənlər olduğunu göstərdi. Siz bəyənsəniz də, bəyənməsəniz də biz futbolu sevən insanlarıq. Bu oyunda sizin deyil, öz xəyallarımızın arxasıyca qaçdığımızı sübut etdik. Bu oyunda San Marinodan olan insanlara həqiqi bir milli komandalarının olduğunu göstərdik, onları sevindirdik. Sizə lazım olmayan bu oyundan gələn gəlirlə federasiyamız yoxsul bölgələrin birində stadion inşa edəcək. Siz 6 aylıq əmək haqqınızla həmin stadionu inşa etdirə bilərsizsə, biz bunu 90 dəqiqəlik bir oyunun tamamında edə bilirik”.
Qeyd edək ki, Almaniya və San Marino yığmaları DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alıb.