“Azərbaycan çempionatına klub yollamaq fikrimiz yoxdu” - MÜSAHİBƏ

Gürcüstan Voleybol Federasiyasının prezidenti İrakli Çaçuan apasport.az saytına müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir.

 

- Azərbaycan Super Liqasında Gürcüstan təmsilçisinin oynayacağı dəqiqdi. Lakin ötən il çempionatımızda çıxış edən “Tbilisi”nin,  yoxsa başqa klubunuzun oynayacağını heç təşkilatçılar da bilmir.

- Bu dəfə Azərbaycan çempionatına klub yollamaq fikrimiz yoxdu. Yarışda yığmamız çıxış edəcək. 6 voleybolçumuz Polşada, 1-i Türkiyədə oynadığından Super Liqada əsasən gənclər qüvvəsini sınayacaq. Bunu daha çox yığmanın ikinci heyəti adlandırmaq olar. Çünki legionerlər və təcrübəlilər ölkə xaricindədilər.

 

- Bu komandanı ötən il çempionatımızda çıxış edən “Tbilisi” ilə müqayisə edə bilərsizmi? Hansı daha güclüdü?

- Hazırkı komandanın daha bir aparıcı üzvü zədəlidi. Lakin heyətə dönəndən sonra yığma heç də zəif təsir bağışlamayacaq. İndiki komanda əsasən gənclərdi. Amma onlar Avropa çempionatında da çıxış edəcəklər. Məqsədimiz də həmin yarışa hazırlıqdı. 7 legioner və 1 zədəli oyunçunu nəzərə alsaq, yığmamızın 8 iştirakçısı Bakıya gələcək heyətdə olmayacaq.

 

- Bu komandanızın Azərbaycan çempionatında ikinci mövsümü olacaq. Ötən ilə nəzər salsaq, bu, son bir ildə Gürcüstan voleyboluna nə verdi?

- Bu addım Gürcüstan voleybolu üçün böyük önəm kəsb edir, bizə təcrübə qazandırır. Eyni zamanda da inkişaf edirik. Məsələn, ilk oyunlarda 8:25, 10:25 hesabı ilə uduzurduqsa, çempionatın sonunda 20, 22 xal toplamağı bacarırdıq. Bu isə böyük inkişafdan xəbər verir. Gənc oyunçular üçün belə təcrübə çox vacibdi. Bu onların ustalıq səviyyəsinin artmasına da köməklik edəcək.

 

- Söylədiyiniz bu inkişafı nəzərə alsaq, qarşıdakı mövsümdən nə gözləyirsiz?

- Qazancımız əsas təcrübə olacaq. Azərbaycan Voleybol Federasiyası bizə böyük kömək edir ki, komandamızı çempionata buraxıb. Belə təcrübə voleybolçularımızın müəyyən hədəfə çatması üçün bir addımdı.

 

- Ötən mövsüm dövrələrdən biri Tiflisdə keçirilməliydi. Lakin olmadı. Yeni ildə bunun reallaşması mümkündümü?

- Biz Azərbaycan klublarını qəbul etməyə hazırıq. Bunda hansısa problem görmürəm. Lakin bu məsələ bizim üçün az əhəmiyyət kəsb edən mövzüdü. Əsas orda iştirak edib, təcrübə qazanmağımızdı.

 

- Bəs ötən mövsüm bir dövrənin Gürcüstanda keçirilməsinə nə mane oldu?

- Heç özüm də dəqiq bilmirəm. Həmin vaxt klublarınızın başı avrokuboklara da qarışmışdı. Onların gələ bilməməsi haqda ətraflı nəsə deyə bilmərəm.

 

- Sizi məyus etmir ki, Super Liqa nüfuzunu itirdikdən sonra bura qatılmısız. Çünki çempionatımız ildən-ilə səviyyəsini itirir.

- Azərbaycan Super Liqasında indi də yaxşı oyunçular və yaxşı komandalar var. Əvvəlki kimi ulduzlar olmasa da, çempionatın səviyyəsinin aşağı düşdüyünü deyə bilmərəm. Çünki yarışda yetərincə rəqabət var. Voleybolçuların yarıdan çox yüksək səviyyəli idmançıdı. Ümumilikdə çempionatın da səviyyəsindən razıyam. Avrokuboklardakı çıxışlar da klublarınızın hələ də yüksək səviyyədə olduğunu göstərir. Mən də həmin oyunları izləyir, komandalarınıza azarkeşlik edirəm.

 

- Bəs yığmanızın Azərbaycanla birgə təşkil edəcəyiniz Avro-2017-yə hazırlığı necə davam edir? Ümumilikdə ölkənizi yarışa nə dərəcədə hazırdı?

- Noyabrın 22-də Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, həmçinin 2 vitse-prezident ölkəmizə gəlir. Gürcüstan Voleybol Federasiyası ilə CEV arasında rəsmi müqavilə imzalanacaq. Ertəsi gün Bakıya yollanacağıq. Ertəsi gün 2 ölkə federasiyası arasında birgə təşkilatçılıqla bağlı rəsmi müqavilə imzalanacaq. Buna mənimlə Cavad Qurbanov imza atacağıq. Bu, yarışı qəbul edəcəyimizi təsdiqləyən rəsmi sənəd olacaq. Noyabrın 24-də isə püşkatma olacaq.

 

- Onda siz tədbirə geniş nümayəndə heyəti ilə gələcəksiz...

- Federasiyanı mən və beynəlxalq əlaqələr departamentinin rəhbəri təmsil edəcəyik. Bizdən başqa, Gürcüstanın gənclər və idman naziri də Bakı gələcək. Lakin Parlament seçkiləri yeni başa çatdığında onun kim olacağını bilmirəm. Buna yaxın günlərdə aydınlıq gələcək. Yəqin ki, nazir müavinləri də tədbirdə iştirak edəcəklər.