Şota Arveladze: “Futbolun populyarlaşdırılması Azərbaycan futbolunun inkişafına kömək edəcək”
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının final matçını izləyən Gürcüstanın tanınmış veteran futbolçusu Şota Arveladze Olimpsport.az-a müsahibə verib.
Çempionat barədə nə deyə bilərsiniz?
- Bakıda yaxşı turnir keçdi. Təşkilatçılıq bunu bir daha sübut edir. İnanıram ki, 2020-ci il Avropa çempionatından sonra Azərbaycanda Çempionlar Liqası, Avropa Liqası, UEFA Super Kubokunun finalı keçiriləcək. Bütün bunlar Azərbaycan futbolunun xeyrinədir.
Sizi AFFA-dan dəvət etmişdilər, yoxsa UEFA-dan?
- Əlbəttə, AFFA-dan. Baş katib Elxan Məmmədovla yaxınam, AFFA-da çoxlu dostlarım var. Azərbaycan klublarının avrokuboklarda oyunlarını izləyirik.
Azərbaycan klublarından dəvət olsa, qəbul edərsiniz?
- Dəvət olsun, sonra baxarıq.
İki ölkənin futbol federasiyalarının əməkdaşlığı görünmür, yoldaşlıq görüşləri keçirilmir...
- Statistikaya baxsaq, Azərbaycanla Gürcüstan yığmaları son 20 ildə təxminən 50 oyun keçiriblər.
Bu, yalnız 90-cı illərdə olub. İndi uzaqlaşıblar...
- Mən belə düşünmürəm. Sadəcə, bu cür alınıb. Düşünürəm ki, bu 2 federasiya yaxşı dostdurlar, yaxşı işləyirlər. Bizdə federasiyanın heyəti dəyişib. Ancaq xalqlar dost olaraq qalırlar və birgə inkişaf edəcəklər.
Azərbaycanla Gürcüstan futbolunu müqayisə etsək, kim hansı yerdədir?
- Müqayisə etmək istəməzdim. Biz malliyə, iqtisadi, infrastruktur cəhətdən geri qalırıq. Heç kimin xətinə dəymək istəmirəm. Ancaq fikrimcə, bizdə futbolu daha yaxşı oynamağı bacarırlar. Ənənə də belə olub, indi də belədir.
Azərbaycan futbolunda nə çatışmır?
- Deyə bilərəm ki, Gürcüstan futbolunda pul yoxdur. Piar böyük rol oyanyır. Bu turnirlərdə çıxış edənlər sabah Avropanın böyük ölkələrində oynayacaqlar. Məşhur, varlı olacaqlar. Bizim uşaqlar da bunu görsünlər. Futbola dünyada 7 milyard insan baxır. sevir. Futbolun populyarlaşdırılması Azərbaycan futbolunun inkişafına kömək edəcək. Bu Avropa çempionatı təkcə başqalarına yox, sizə də faydalı olsun. Gələcəkdə bu turnirə bizlər də gələk, biz də sizlərin inkişafına görə sevinək.