AFFA-nın rəsmi fanşopu fəaliyyətə başladı

“Port Baku Mall”un 3-cü mərtəbəsində yerləşən “GoSport” idman malları mağazasında AFFA-nın rəsmi fanşopu açılıb.

Olimpsport.az saytının məlumatına görə, burada azarkeşlər Azərbaycan milli komandalarının rəsmi oyun, məşq və nümayiş geyimlərini əldə edə bilərlər. Açılışda milli komandanın üzvləri Kamran Ağayev, Qara Qarayev və Araz Abdullayev iştirak ediblər, azarkeşlərə imza paylayıblar.

Tədbirdə iştirak edən AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev bildirib ki, AFFA “GoSportla” bu əməkdaşlıqda çox maraqlıdır. Bu əməkdaşlıq sayəsində futbol azarkeşləri şəhərin mərkəzində yerləşən mağazadan çox rahatlıqla milli komandanın geyimlərini əldə edə biləcəklər. “GoSport”la əməkdaşlığın nəticəsi olaraq satış xərcləri azaldığı üçün malların qiyməti iki dəfə endirilib.

Qeyd edək ki, “GoSport” Azərbaycanda ən iri idman mallarını təqdim edən multibrend mağazadır. Tezliklə “GoSport”un Gənclik Mall-da yerləşən digər mağazasında da AFFA-nın rəsmi fanşopu fəaliyyətə başlayacaq.