Vəli Qasımov: “Qarabağ” üçün xüsusi planımız var”
Sabah Azərbaycan kubokunun finalında “Qarabağ”la qarşılaşacaq “Neftçi”nin baş məşqçisi Vəli Qasımov həlledici qarşılaşmadan öncə jurnalistlər üçün brifinq keçirib. Olimpsport.az saytının əməkdaşının da suallarını cavablandıran Qasımovun müsahibəsini təqdim edirik:
- Final matçına artıq 24 saat qalıb. “Qarabağ”la oyun barədə nə söyləyə bilərsiz?
- Bizi çətin oyun gözləyir. “Qarabağ” güclü heyətə malik olan, stabil çıxış edən komandadır. “Neftçi”nin hazırda əsasını gənclər təşkil edir. Amma mən komandama inanıram. Əminəm ki, futbolçularım sabah kuboku qazanmaq üçün əllərindən gələni edəcəklər.
- Premyer Liqanın turnir cədvəlində AZAL-ı geridə qoymaqla avrokuboklara vəsiqə qazanan “Neftçi”nin təzyiqdən xilas olduğunu söyləmək mümkündür?
- Uğurlu mövsüm keçirməsək də, sonda komanda stabillik tapdı. Artıq lazımi sistem komandaya oturuşub. Buna görə də son oyunlarda ardıcıl qələbələr qazanmaqla lazım olan nəticəni əldə etdik.
- “Qarabağ” sabahkı görüşün favoritidir. “Neftçi” isə uduzacağı halda bu məğlubiyyət faciə kimi qarşılanmayacaq. Bu məqam “Neftçi”nin lehinə işləyə bilər?
- Düz qeyd etdiz ki, “Qarabağ” favoritdir. Amma final 1 görüşdən ibarətdir və matçda hər şey ola bilər. Komandamda kuboku qazanacaq potensialı görürəm. Düzgün oynasaq, istədiyimiz nəticəni əldə edəcəyik.
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qeyd edib ki, psixoloji üstünlük “Neftçi”nin tərəfindədir. Bu fikirlə razısız?
- Bəli, razıyam. Son turlarda “Neftçi” oyununu tapıb. Komandam kuboku qazanmaq üçün sabah əlindən gələni edəcək.
- Bakıya səfərindən sonra Şota Arveladzenin “Neftçi”nin yeni baş məşqçisi olacağı haqda xəbərlər səngimək bilmir. Bu, işinizə mane olmur?
- Mətbuatda belə xəbərlər yayıldığı düzgündür. Amma xəbər həqiqətə uyğun deyil.
- Aylton Silvanın sabahkı matçda meydana çıxmayacaq. Braziliyalının yoxluğu “Neftçi” üçün ciddi itkidir?
- Bu məqam oyunumuza ciddi təsir edəcək. Aylton çox güclü, komandamız üçün vacib futbolçudur.
- Onu kim əvəz edəcək?
- Sabahkı oyun üçün heyəti hələ müəyyənləşdirməmişəm. Amma Ayltonu əvəzləyəcək futbolçularımız var.
- “Qarabağ”ı məğlub etmək üçün xüsusi planınız var?
- Əlbəttə ki, var. Amma onu açıqlaya bilmərəm (gülür).
- Şər deməsən xeyir gəlməz. Mövsümü titulsuz başa vurmaq “Neftçi” üçün fiasko olacaq?
- Fiaskomuz əvvəldən başlamışdı. Komanda uzun müddət oyununu tapa bilmirdi. Stabillik çatışmırdı. Amma hazırda “Neftçi” daha yaxşı vəziyyətdədir. Üstəlik, “Neftçi”nin kuboku qazanmaq istəyi daha çoxdur. “Qarabağ” artıq çempionluğu əldə edib. Bu məqam komandada nisbətən arxayınlaşma yarada bilər.
- Finaldan öncə sizi ən çox nə narahat edir?
- Elə bir problemimiz yoxdur. Yeganə mənfi hal Ayltonun meydana çıxmamasıdır.
- Sabahkı finalı Vəli Qasımov üçün məşqçi kimi özünüsübut oyunu adlandırmaq olar?
- Futbolçu kimi Moskva “Spartak”ının heyətində son SSRİ kubokunun qalibi olmuşam. İndi də məşqçi kimi Azərbaycan kubokunu qazanmaq istəyirəm.