Futbolçuları daşıyan təyyarə qəzaya uğradı - ölənlər var
Dünya futbolunda dəhşətli hadisə baş verib. Olimpsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Braziliyannın “Şapekoense” klubunun təyyarəsi qəzaya uğrayıb.
Hadisə A seriyası təmsilçisinin Sudamerikana Kubokunun final qarşılaşması üçün Kolumbiyaya səfəri zamanı yaşanıb. Komandanı aparan hava gəmisi Braziliyadan Boliviyaya, ordan isə Kolumbiyaya getməli olub. Lakin Medellin Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayıb. Komanda sabah Kolumbiya klubu “Atletiko Nasional”la finalın ilk görüşündə üz-üzə gəlməli idi.
Təyyarədə olan sərnişinlərin siyahısı artıq açıqlanıb. Braziliya mətbuatı təyyarədə yer alan 81 nəfərdən (72-si sərnişin) hələlik altısının sağ qaldığını yazıb. Xəstəxanaya aparılan həmin 6 nəfərdən ikisi - qapıçı Danilo Padilya və müdafiəçi Alan Ruşkel olub. Ümumilikdə isə hava gəmisində futbolçular, məşqçi heyəti, klubun əməkdaşları, direktoru, keçmiş prezidenti, media nümayəndələri və azarkeşlər olub. 25 futbolçu daxil olmaqla, klubun 48 nümayəndəsi, həmçinin 21 jurnalist və 3 qonaq təyyarədə yer alıb. Digər 9 nəfər isə ekipaj üzvü olub.
Hazırda “Şapekoense” klubunda çıxış edən “Xəzər Lənkəran”ın sabiq futbolçusu Tieqo de Xesus da hadisə zamanı təyyarədə olub.
“Şapekoense” klubu aşağıdakı futbolçulardan ibarətdi: Danilo Padilya, Gilyerme Ximenes de Souza, Rafael Lima, Elio Neto, Josimar Tavares, Dener Assunsao, Lorensi Rodriges, Xose Gildeyxon de Payva, Bruno Rangel, Hiolan Dalmoro, Ananias Monteyro, Marselo Bek, Marselo Auqusto, Mateus dos Santos, Lukas Qomes, Tieqo de Xesus, Moyses Ribeyro, Odair Souza, Everton Kempes, Serxio Manoel, Xose Nivaldo, Cekson Follman, Klaudio Vink, Demerson Kosta, Filipe Maçado, Artur Maya, Aylton da Silva, Mateus Biteko, Rafael Bastos, Alexandro Martinuççio, Kleber Santana, Alan Ruşel, Tiaqo Vieyra.
Təyyarə qəzasından daha bir futbolçunun sağ çıxdığı açıqlanıb. Belə ki, ehtiyat qapıçı Cekson Follman Sen-Visente şəhərində xəstəxanaya yerləşdirilib. Xilasetmə işlərində 500 adamın iştirak etdiyi bildirilir. Bundan əlavə, KONMEBOL-un prezidenti Alexandro Dominges faciə ilə əlaqədar, Medelinə yollanıb.
Tieqo de Xesusla yanaşı, Azərbaycan çempionatında çıxış etmiş daha bir oyunçu qəza zamanı təyyarədə olub. Belə ki, komandanın müdafiəçisi Filipe Maçado 2010-11 mövsümündə “İnter”in formasını geyinib.
Son məlumatlara əsasən, təyyarədə olanlardan 27-si dünyasını dəyişib. (Apasport)