" “Qəbələ” ilə görüşdə yaxşı oyun göstərməliyik" - Ruven Şreder
“Avropa Liqası bizdə xoş təəssüratlar buraxdı. Komanda şəklində təcrübəmizi artırdıq”. Olimpsport.az xəbər verir ki, bu sözləri “Maynts”ın idman direktoru Ruven Şreder deyib.
Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Bundesliqa təmsilçisi sabah “Qəbələ”ni qəbul edəcək.
Almaniya mətbuatına açıqlama verən Şreder bu görüş və “Maynts”ın Avroliqadakı çıxışı barədə danışıb. O bildirib ki, “Qəbələ” ilə matç formal xarakter daşısa belə, komanda yaxşı oyun göstərməyə çalışacaq: “Düzdü, “Qəbələ” ilə matçın nə bizim, nə də rəqib üçün əhəmiyyəti var. Oyun formal xarakter daşıyacaq. Buna baxmayaraq, “Qəbələ” ilə görüşdə yaxşı oyun göstərməliyik. Amma turnir bizə böyük təcrübə qazandırdı. Çünki Avropa Liqasında oyunlara hazırlaşarkən, ayrıca plan tərtib etdik. Bu, baş məşqçi və futbolçular, eləcə də klub rəsmilərinə faydalı oldu”.
Şreder əlavə edib ki, qrupda “Anderlext”ə 1:6 hesabı ilə uduzduqları matçda belə, rəqiblə bərabər oyun göstəriblər: “Bundesliqa ilə paralel olaraq, Avroliqada da iştirak etdik. Elə oldu ki, 3 gündən bir oyuna çıxdıq. Bu cür intensiv matçlar, sıx qrafik komandamızın xeyrinə oldu. Qrupdan çıxa bilməsək də, Martin Şmidt və onun komandası tərifə layiqdi. Avroliqada yaxşı oyunlarımız da oldu, pis görüşlərimiz də. Düzdü, “Anderlext”ə 1:6 hesabı ilə uduzduğumuz matç komandaya pis təsir edir. Əslində, böyükhesablı məğlubiyyətə baxmayaraq, rəqiblə bərabər oyun sərgiləmişdik. Avropa Liqasının bizə çox xeyri dəydi”.
Qeyd edək ki, dekabrın 8-də keçiriləcək “Maynts” – “Qəbələ” matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək. (Apasport.az)