"Şapekoense" komandasına yeni baş məşqçi təyin olunub
Futbolçularının əksəriyyətini təyyarə qəzasında itirən Braziliyanın "Şapekoense" komandasına yeni baş məşqçi təyin olunub.
Olimpsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, Vaqner Mançinidir. V.Mançini məşqçi karyerasına 2004-cü ildə "Paulista"da başlayıb. 50 yaşlı mütəxəssis həmin komandaya Braziliya Kubokunu qazandırsa da, həmin ildən etibarən 13 klub dəyişib.
Qeyd edək ki, "Şapekoense" oyunçularının olduğu təyyarə noyabrın 29-da qəzaya uğrayıb. Nəticədə 22 futbolçudan 19-u, eləcə də Vaqner Mançininin baş məşqçi postunda əvəzlədiyi Kayo Junior dünyasını dəyişib. Cənubi Amerika Kubokunda Kolumbiya "Atletiko Nasyonal"ı ilə görüşə yollanarkən, bədbəxt hadisə ilə üzləşən komanda turnirin qalibi elan olunub. Habelə, Braziliya və Kolumbiya yığmaları aviaqəza qurbanları xatirəsinə yoldaşlıq görüşü keçirəcəklər.