"Xəzər Lənkəran"ın əsas komandası fəaliyyətini dayandırdı
"Xəzər Lənkəran" klubu bəyanat yayıb.
Olimpsport.az klubun rəsmi saytında yer alan bəyanatı olduğu kimi təqdim edir:
- “Xəzər Lənkəran” Futbol Klubu ictimaiyyətin diqqətinə çatdırır ki, fəxri prezident cənab Mübariz Mənsimovun başçılığı ilə klub rəhbərliyinin iclası keçirilmişdir. İclasda klubun fəaliyyətinin bütün istiqamətləri müzakirə olunmuş, hər bir fəaliyyət istiqaməti hazırda mövcüd olan reallıqlara uyğun olaraq qiymətləndirilmişdir.
İclasın yekununda qərara alınmışdır ki, “Xəzər Lənkəran” Futbol Klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırsın. Bununla belə, klub Azərbaycan futbol ailəsinin üzvü olaraq qalacaq və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək. Növbəti mövsüm üçün “Xəzər Lənkəran” FK AFFA bayrağı altında keçirilən müəyyən aşağı yaş liqalarında iştiraka dair assosiasiyaya müraciət edəcək. Aşağı yaş qruplarının strukturunun və heyətinin yenidən təşkili, yeni mövsümdə yarışlarda iştirak edəcək komandaların formalaşdırılması və digər təşkilati məsələlər klubun administrasiyasına tapşırılmışdır.
Əvvəlki illərdə olduğu kimi, klubumuz Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində mövcud olan bütün imkanlarından istifadə edəcək. “Xəzər Lənkəran” FK öz adını və brendini qorumaq niyyətindədir və bu işdə çoxsaylı azarkeşlərinin dəstəyinə arxalanır.