İspaniya mətbuatı "Qarabağ"dan yazdı
"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Ruben Selles İspaniya mətbuatına Ağdam klubu haqda açıqlama verib. Olimpsport.az xəbər verir ki, o, bunları söyləyib: "Qarabağ" yeganə komandadır ki, 20 ildən çoxdur ev oyunlarını doğma şəhərində keçirmir. Son üç ildə ölkə çempionu olan komanda Çempionlar Liqasında və Avropa Liqasınının oyunlarını paytaxtda keçirir.
Artıq 20 ildən çoxdur ki, bu, belədir. 1993-cü ildə müharibə zamanı Ağdam şəhəri işğal olunub və qaçqın statusu alıb. 1993-cü ildə işğal olunan şəhərdə 150 min dinc sakin öz yurdundan qovulub. Şəhər məhv edilib və xarabalığa çevrilib. Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faizi Ermənistan tərəfindən işğal edilib. 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib.
"Qarabağ"ın stadionu müharibə zamanı ermənilər tərəfindən dağıdılmışdı. Klub işğaldan sonra 1993-cü ildə ölkə çempionu oldu. Komandnın məşqçisi olan Allahverdi Bağırov Dağlıq Qarabağ müharibəsində baş komandan olub. O, Ağdam şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub. Bağırov klubdan ayrılaraq müharibəyə yollanmışdı. Hər il klub milli qəhrəmanın xatirəsini yad edir, stadionlarda banner asılır.
Klubumuzun vitse-prezidenti Tahir Gözəl və onun atası "Azərsun" şirkətinin yaradıcılarıdır. 2001-ci ildən komandaya nəzarət edirlər. Onlar bütün Avropaya, eləcə də dünyaya Qarabağ həqiqətlərini göstərməyə, bu torpaqların Azərbaycana məxsus olduğunu göstərmək üçün çalışırlar.
"Qarabağ"ın ləqəbi "atlılar"dır. Artıq məcburi olara ev oyunlarımızı Bakıda keçiririk. Avrokuboklar oyununu Tofiq Bəhramov adına Respublika stadionunda, daxili çempionat matçlarını isə yeni istifadəyə verilən "Azərsun Arena"da. Son 3 mövsüm klubumuz üçün çox uğurlu alınıb. Baş məşqçi Qurban Qurbanov ölkə futbolunda inqilab edib. Onun rəhbərliyi altında "Qarabağ" uzun illərdir ki, sabit oyun nümayiş etdirir. Qələbələrin memarı məhz odur. Təbii ki, klubların inkişafı millinin də uğurlarına təsir edir.
Azərbaycan yığması Robert Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhələsində 4 oyundan sonra 7 xal toplayıb. Bu, Azərbaycan üçün əla nəticədir. Komandamızda iki ispaniyalı futbolçu var. "Sportinq" və "Xetafe"nin sabiq futbolçusu Migel Markos Madera və İspaniya bəzi klublarında çıxış edən Dani Kintana "Qarabağ"ın uğurları üçün çalışırlar. Kintana bu il Avropa Liqasında qrup mərhələsinin 3-cü turunda həftənin ən yaxşı futbolçusu seçilmişdi. Bundan əlavə, o, ötən il ölkə çempionatında bombardir olub.
"Qarabağ"da qaçqın ailələrinin uşaqları oynayır. Kapitan Rəşad Sadıqov və digərləri. Komandada müharibə zamanı həlak olanların övladları da çıxış edir. 1994-cü ildə rəsmi atəşkəs imzalanıb. Amma buna baxmayaraq cəbhə bölgəsində atışmalar olur. Döyüşlər Bakı şəhərindən uzaqdadır. Ancaq bu gərginlik insanların həyatında biruzə verir".