Oktay Hüseynov: «Desəm böyüyəndə nə olacam ağlayacaqsan axı»
«Desəm böyüyəndə nə olacam ağlayaqsan axı»
İyunun 14-də əməkdar məşqçi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oktay Hüseynovun xatirəsi yad edilib. Mərasimdə mərhumun yaxınları ilə yanaşı, idman ictimaiyyətinin də nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə mərhumun qəbrini ziyarət edib, dualar oxuyub və büstü üzərinə gül dəstələri qoyublar. Mərasimdə saytımızın əməkdaşları, həmçinin «olimpsport.az» saytının baş redaktoru, əməkdar məşqçi, vaxtilə Oktay Hüseynovun rəhbərlik etdiyi Respublika Olimpiya Ehtiyatları Məktəbinin yetirməsi Ramin Allahverdiyev də iştirak edib. Elə bu səbəbdən də Ramin müəllimin təşəbbüsü ilə mərasimdə iştirak edən Oktay müəllimin yaxınlarından «onu necə xatırlayırsınız» sualına cavab aldıq.
Elmar Hüseynov, mərhumun oğlu:
- Atasız 1-il mənim üçün çox çətin keçdi. Allah heç bir ailəni böyüksüz qoymasın. İndi oğlumla təsəlli tapıb, onunla nəfəs almağa çalışıram. Çünki oğluma atamın adını qoymuşam. 6 yaşlı Oktay hələ ki, üzgüçülüklə məşğul olur. Yəqin ki, gələcəkdə babasının yolunu davam etdirər. Oğlum buyaxınlarda Oktay Hüseynovun xatirəsinə həsr olunmuş güləş yarışını izlədi və çox xoşuna gəldi. Evdə də anam nəvəsindən soruşur ki, böyüyəndə nə olacaqsan? O da cavabında deyir ki, «desəm nə olacağam yenə ağlayacaqsan axı». Mən atamı yad edən bütün mərasim iştirakçılarına ailəmiz adından minnətdarlığımı bildirirəm.
Oleq Krapivin,Oktay müəllimin tələbəsi, dünya çempionu, Heydər Əliyev adına Ukrayna-Azərbaycan təhsil, elmi-mədəni, idman mərkəzinin təsisçisi, Ümumukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri:
- Doğrudanda Oktay Hüseynov mənim həm müəllimim, həm də valideynim olub. İdmanda qazandığım uğurlarda Oktay müəllimin əvəzsiz xidmətləri var. Buyaxınlarda Oktay müəllimin xatirəsinə həsr olunmuş yarışın keçirilməsi bizi çox sevindirdi. O, bu ada layiqdir. Çalışacağıq ki, hər il bu yarışı beynəlxalq turnir olaraq ənənəvi şəkildə təşkil edək. Çünki iyunun 14-ü onun haqq dünyasına qovuşduğu gündür. Oktay müəllimin xatirəsinin əziz tutulması üçün əlimizdən gələni edəcəyik. Allah ona rəhmət etsin, ailəsinə səbr versin.
Hacı Ramiz, Əməkdar məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi:
- Oktay Hüseynov ilə uşaqlıq dostu olmuşuq. Bir yerdə idmanla məşğul olub, bir yerdə hərbi xidmətdə qulluq etmişik. Hətta onunla eyni gündə Əməkdar məşqçi adına layiq görülmüşük. Oktay Hüseynov yeganə hakimdir ki, müstəqillik dövrümüzdə ilk dəfə olaraq Olimpiya Oyunlarında ədaləti qoruyub. O, gözəl insan olmaqla yanaşı, gözəl dost, idmançı, məşqçi və ailə başçısı idi. Allah Oktay Hüseynova rəhmət eləsin.
Əsgərxan Novruzov, sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın baş məşqçisi:
- Oktay müəllim mənim də müəllimim olub. Biz bir yerdə məşqçi kimi çalışmışıq. O, Azərbaycan idmanına çoxlu sayda tanınmış güləşçilər bəxş edib. Elə qarşıdan gələn Rio Olimpiya Oyunlarında 74 kq çəki dərəcəsində çıxış edəcək Cəbrayıl Həsənov da Oktay müəllimin 44-il baş məşqçisi olduğu Respublika Olimpiya İdman Liseyinin yetirməsi olub. Oktay müəllim barəsində çox danışmaq olar. Azərbaycan idmanının belə mütəxəssislərə hər zaman ehtiyacı var. Allah Oktay müəllimə rəhmət eləsin.