"Niyə Azərbaycanın autsayder komandasına keçməliyəm?" - Lukaş Droppa
“Neftçi”nin maraq dairəsində olan Lukaş Droppa karyerasını bu komandada davam etdirməyəcək. Olimpsport.az xəbər verir ki bu barədə Çexiya mətbuatına 27 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
“Tom”dan yenicə ayrılan və hazırda azad agent statusu daşıyan Droppa Rusiyaya qayıtmaq barədə düşünmür.
Çexiya millisinin üzvü müsahibəsində öz ölkəsində qalmaq ehtimalının olduğunu bildirib: “Yığmamızın San-Marino və Norveçə qarşı seçmə mərhələ oyunları olacaq. Həmin matçlara dəvət almağım üçün klub seçimində diqqətli olmalıyam. Ölkə xaricindən gələn 6-7 təklifə “yox” cavabı vermişəm. Hazırda variantlardan biri “Standard”dı. Belçika klubu bir qədər gözləmə mövqeyi tutmaq istəyir. Ancaq mənim son günə qədər gözləmək fikrim yoxdu. Tezliklə transfer məsələsinə son qoymaq istəyirəm. Çexiyada da qala bilərəm. Çünki “Viktoriya”, “Slovan” və “Sparta”nın mənimlə maraqlandığını eşitmişəm. Bundan başqa, APEOL-dən də təklif var. Kipr mənim və ailəm üçün ideal seçim olar”.
Droppa “Neftçi”nin təklifini qəbul etməməsinin səbəbini də açıqlayıb: “Dekabr ayında “Neftçi”dən təklif almışdım. Hətta müqavilə bağlamağa çox yaxın idim. Ancaq sonra internetdə baxdım ki, komanda turnir cədvəlinin son pillələrində qərarlaşır. Cəlbedici təklifə baxmayaraq, sonra bu keçiddən imtina etdim. “Neftçi” böyük ənənəsi olan klubdu. Ancaq nədənsə hazırda yaxşı günlərini yaşamır. Niyə Azərbaycanın autsayder komandasına keçməliyəm? Əgər Azərbaycanda “Qarabağ”dan təklif alsam, o komandaya keçərəm”.
Qeyd edək ki, “Tom” klubunda maliyyə problemi yarandığı üçün Lukaş Droppa Rusiya təmsilçisi ilə vidalaşıb.
mənbə:apasport.az