Avropa futbolunun 10 ən yaxşı baş məşqçisi məlum olub

Avropa futbolunun 10 ən yaxşı baş məşqçisi məlum olub. Olimpsport.az xəbərverir ki, UEFA qurumun yarandığı 1954-cü ildən indiyədək olan müddət üçün ən yaxşı mütəxəssisləri müəyyənləşdirib.

 

Köhnə qitədə futbola öz damğasını vuran, “memar” kimi yeni komanda, yeni üslub inşa edən mütəxəssislər 9 müxtəlif ölkəni təmsil edir. Yalnız məşqçiləri ilə daim öyünən Hollandiyada “10-luğ”a layiq iki dahi məşqçi yetişib. Bunlar Rinus Mihels və onun yolunun davamçısı Yohan Kroyfdu. Onlardan birincisi total futbolun yaradıcısı, ikincisi “Barselona”da böyük sistem qurması ilə əfsanələşib.

 

Böyük Britaniyadan iki mütəxəssis siyahıda olsa da, onlar fərqli ölkələri təmsil edir. “Nottinhem Forest”ın qızıl dövrünün “memar”ı olan Brayan Klaf İngiltərə, “Mançester Yunayted”i dünya nəhənginə çevirən Aleks Ferqyuson Şotlandiyanı təmsil edir.

 

Siyahıda Avropadan kənarda – Argentinada anadan olan Elenio Errera da yer alıb. O, İtaliyada katenaçço müdafiəsini yaratmaqla tanınıb. Arriqo Sakkinin də İtaliya futbolundakı əməyi diqqətdən kənarda qalmayıb.

 

Visente del Boske “Real” və İspaniya millisi, Udo Lattek Almaniya futbolu üçün gördüyü işlərə görə ən yaxşılar arasındadı. SSRİ, sonra Ukrayna futbolu üçün əlindən gələni edən, öz dəst-xəttini qoyan Valeri Lobanovski də diqqətdən kənarda qalmayıb.

 

Hazırda fəaliyyətini davam etdirib, əfsanələr sırasında düşməyi haqq edən də tapılıb. Bu, portuqaliyalı mütəxəssis Joze Mourinyodu.

 

UEFA-nın versiyasına görə Avropanın 10 ən yaxşı məşqçisi

Brayan Klaf (İngiltərə)

Yohan Kroyf (Hollandiya)

Visente del Boske (İspaniya)

Aleks Ferqyuson (Şotlandiya)

Elenio Errera (Argentina)

Udo Lattek (Almaniya)

Valeri Lobanovski (SSRİ)

Rinus Mihels (Hollandiya)

Joze Mourinyo (Portuqaliya)

Arriqo Sakki (İraliya)