Millimizin üzvü “Ayntraxt”la 1,5 illik müqavilə imzalayıb

“Çox sevinirik ki, Renat Dadaşov yenidən üzərində qartal şəkli olan formanı geyinəcək”. Olimpsport.az  Apasport.az-a istinadən xəbər verir ki, bunu “Ayntraxt” klubunda futbolçuların  performansına nəzarət edən Armin Krats deyib.

 

Azərbaycan millisinə yenicə çağırılan Renat Dadaşov dünən “Leypsiq”i “Ayntraxt”a dəyişib. 3 illik ayrılıqdan sonra yenidən Frankfurta dönən 18 yaşlı forvard Bundesliqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.

 

Dadaşovun təqdimat mərasimindən sonra klubun rəsmi saytına açıqlama verən Armin Krats onun böyük potensiala malik olduğunu söyləyib. Klub rəsmisi azərbaycanlı futbolçunun tezliklə əsas komandaya yüksələcəyini düşünür: “Renat Almaniyanın aşağı yaş qrupu üzrə yığma komandasının bombardiridi. Onun keyfiyyətlərinə bələdik. Renatın gənc komandada qollarını sıralayacağına, tezliklə əsas heyətə yüksələcəyinə və kluba xeyir verəcəyinə əminik. Çox şadıq ki, idman direktorlarımız Fredi Bobiç və Bruno Hübner onu “Ayntraxt”a qaytardılar”.

 

Qeyd edək ki, Renat Dadaşov ilk olaraq “Ayntraxt”ın U-19 komandasında çıxış edəcək.