“Qəbələ”nin üç futbolçusu “Neftçi”yə qarşı oynamayacaq
Ölkə çempionatının XVI turunda “Neftçi” ilə qarşılaşacaq “Qəbələ” oyuna itkilərlə çıxacaq. Olimpsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın iki futbolçusu, Rafael Santos və Asif Məmmədov bu görüşü buraxacaq. Antalya toplanışında dizindən xəsarət alan Santos İtaliyada əməliyyat olunacaq.
Asif Məmmədov isə kor bağırsağından əməliyyat edilib. Bu səbəbdən təcrübəli yarımmüdafiəçi də “Neftçi” ilə matçda komandasına kömək edə bilməyəcək.
Onlardan başqa cəzalı duruma düşən Ruslan Qurbanov da sabiq komandası ilə görüşdə "Qəbələ" formasını geyinməyəcək.
Qeyd edək ki, fevralın 3-də keçiriləcək “Qəbələ” – “Neftçi” qarşılaşması saat 17:00-da start götürəcək.
mənbə:apasport.az