"Emosiyalar oyaq olanda, vərəqələr də bol olur" - Viktor İqbekoyi

“Kəpəz”lə oyunda zədəli olmasına rəğmən 90 dəqiqə meydanda mübarizə aparan “Zirə”nin yarımmüdafiəçisi Viktor İqbekoyinin müsahibəsi.

 

- Oyunun bu dərəcədə gərgin keçməsinin səbəbi nədi?

- Kənardan necə görünürdü bilmirəm, amma meydanda çox çətin idi. Xüsusilə də Sezarın qırmızı vərəqə alması və azlıqda qalmağımız işimizi xeyli çətinləşdirdi. Çünki sürətli oyun gedirdi. Azlıqda qalan komanda isə daha çox güc sərf edirdi. İstənilən halda, azlıqda qaldıqdan sonra hesabı açdıq və bu üstünlüyümüzü sona qədər qoruya bildik.

 

- Qırmızı vərəqədən sonra “Zirə”nin heç-heçə üçün mübarizə aparacağı gözlənilirdi...

- Qol vuracağımıza inanırdıq. Bu inam da bizi irəli atılmağa və arzumuzu reallaşdırmağa imkan yaratdı. Qol vurduqdan sonra isə müdafiənin qayğısına qalmağa başladıq. Çünki hesab bizi qane edirdi.

 

- İkinci hissədə tamamilə müdafiəyə çəkilməyiniz də bunun nəticəsi idi?

- Əlbəttə, bilirdik ki, “Kəpəz” bu hesabla barışmayacaq və tamamilə hücuma atılacaq. Ona görə müdafiəni etibarlı qurmağa çalışdıq. Təbii ki, fikrimizdə sürətli hücumlara çıxmaq da var idi. Oyunun sonlarına yaxın 2-3 belə epizodumuz oldu.

 

- Hakim bu oyunda vərəqələrdən çox istifadə etdi. Haqlıydımı?

- Həddindən artıq aqressivlik var idi. Adi qayda pozuntusu zamanı belə futbolçular etirazlarını sərt şəkildə bildirirdilər. Məncə, problem hakimdən qaynaqlanmırdı. Onun qərarlarını haqlı sayıram. Bunu oyunu nəzarətdə saxlamaq üçün edirdi. Futbolçular isə ancaq qələbə haqda düşünürdü. Heç-heçə heç bir komandanı qane etməyəcəkdi. Emosiyalar oyaq olanda, vərəqələr də bol olur.

 

- Sona 10-15 dəqiqə qalmış davamlı olaraq baş məşqçidən əvəz edilmənizi istəyirdiniz.Yorulmuşdunuz, yoxsa zədəniz ciddi idi?

- Üç aya yaxındı zədəm var. Amma demək olar hər oyunda meydana çıxıram. O da yavaş-yavaş incitməyə başlayır. Üstəlik, bu oyunda çox yoruldum və həmin zədə yenidən ağrıdı, qaçmağa imkan vermirdi. Buna görə də baş məşqçidən əvəzlənməyimi istədim. Baxdım ki, ağrılar kömək eləməyimə imkan vermir. Onsuz da bir nəfər azlıqdayıq, belə vəziyyətdə hər kəs maksimumu etməlidi.

 

- Növbəti oyunda “Qarabağ”la qarşılaşacaqsınız. İndiyə qədər bu komandanı məğlub edə bilməyib “Zirə”. Uğursuz seriyaya nə vaxt son qoymaq mümkün olacaq?

-Ən çətin oyunlarımızdan biri olacaq. Nəticə haqda danışa bilməyəcəm. Ancaq oyundan sonra nəsə demək olar.

mənbə:apasport.az