"Əsas odur ki, komandamız uğur qazansın” - Subotiç
Topaz Premyer Liqasının XVI turu Daniel Subotiçin “Qəbələ”yə dönüşü ilə əlamətdar olub. Olimpsport.az xəbər verir ki, 2013/14 mövsümündə “qırmızı-qara” forma geyinən isveçrəli hücumçu 2,5 mövsümlük fasilədən sonra yenidən qəbələlilərin heyətində meydana çıxıb.
“Neftçi” ilə oyunun 57-ci dəqiqəsində Baqali Dabonu əvəzləyən 28 yaşlı hücumçu dönüşünü qolla qeyd edib. Onun vurduğu qol “Qəbələ”yə 1:0 hesablı qələbə qazandırıb. Subotiç qayıdışı haqda fikirlərini gablafc.az-a açıqlayıb: “Ağır oyun alındı. Buna baxmayaraq, qalib gələ bildik. 3 xal qazandığımız üçün sevinirəm. İlk oyunda vurduğum qol bizə qələbə qazandırdı. Məni daha çox bu 3 xalı əldə etməyimiz sevindirir. Hər qarşılaşmaya qol vurmaq üçün çıxıram. Bu üzdən də ilk matçda fərqlənməyimi gözlənilməzlik saymazdım. “Qəbələ”yə qollar vurmaq və komandaya çempion olmağa kömək etmək üçün qayıtmışam. Artıq ilk matçda rəqib qapısına yol tapmağım da bu mənada çox yaxşı oldu”.
Subotiç çıxış etdiyi 2013/14 mövsümü ilə indiki komandanı da müqayisə edib: “Qəbələ”yə iki il yarımdan artıq müddətdən sonra qayıtmışam. Həmin vaxt olduğu kimi yenə də komandada yüksək ab-hava var. Buna da çox şadam. Əvvəlki ilə müqayisədə heyətdə böyük dəyişikliklər olsa da, komanda daxili atmosfer eyni qalıb. Amma indiki heyətdə daha çox liderlik keyfiyyətlərinə malik futbolçular var. Rəşad Sadiqov, Cavid Hüseynov kimi oyunçuların olması komandamızı daha güclü edir”.
Maraqlıdır ki, Danielin “Qəbələ”dəki son oyunu da “Neftçi”yə qarşı olub. O, 2014-cü il mayın 22-də Azərbaycan kubokunun finalındakı məğlubiyyətin (1:1, pen.2:3) şahidi olub. Subotiç 988 gün öncəki qarşılaşmanı da xatırlayır: “Əslində, həmin matçı xatırlamaq istəməzdim. Səbəb isə oyunun nəticəsidir. Titul qazanmaq imkanını sonda qaçırdıq. Heç-heçə başa çatan matçın penaltilər seriyasında uduzduq”.
Legionerin Premyer Liqadakı son matçı isə 993 gün əvvəl baş tutub. O, 2014-cü il mayın 17-də “Sumqayıt”la ev oyununda 3:1 hesablı qələbəyə sevinib. “Qırmızı-qaralar”da son qolunu bundan 10 gün öncə vuran Subotiç “Bakı” üzərində 3:1 hesablı qələbədə pay sahibi olub: “Son qolumu da Qəbələdə keçirilən görüşdə vurmuşdum. “Bakı”ya vurduğum qol yaxşı yadımdadır. İkinci hissədə hesab 2:0 olarkən komandamızın 3-cü qoluna imza atdım. Bu qələbə bizə ilk dəfə Avropa Liqasına vəsiqə qazandırdı”.
2013-cü ilin yayında transfer olunan Daniel həmin vaxt da ilk matçında qol hesabını açmışdı. Sentyabrın 15-də AZAL-la səfər oyununun 31-ci dəqiqəsindəki qolu komandaya 2:1 hesablı qələbə qazandırmışdı: “Qəbələ”yə yayın sonlarında transfer olunmuşdum. Amma sənəd məsələlərinə görə debütüm yubanırdı. Məşq edib, oynamaq imkanı olmayanda, daha əzmlə çalışırsan və ilk oyunu səbirsizliklə gözləyirsən. AZAL-la qarşılaşmaya da böyük istəklə çıxmışdım. İndi olduğu kimi o vaxt da vurduğum qol həlledici xarakter daşıdı və qələbə qazandıq. Qarşıdakı turda da AZAL-la üz-üzə gələcəyik. Matça çox ciddi hazırlaşırıq. Bizim üçün hansı komanda ilə qarşılaşmağın fərqi yoxdur. Bütün görüşlərə eyni dərəcədə köklənir, yüksək səviyyədə hazırlaşırıq”.
“Qəbələ”də keçirdiyi 36 oyunda 14 qol vuran legioner klub tarixinin 10 ən yaxşı bombardirindən biridir. Çempionatın ən məhsuldar oyunçuları olan komanda yoldaşları Baqali Dabo və Filip Ozobiçin hesabında 7 qol olduğundan Daniel onlara da rəqib ola bilər. Lakin forvardı bu deyil, qələbələr düşündürür: “Bombardirlik haqda düşünmürəm. Əsas hədəfim komandamın uğurunda mümkün qədər pay sahibi olmaqdır. Təbii ki, bunun üçün hər qarşılaşmaya qol vurmağa köklənmişəm. Hələ 1 qol vurduğumdan bombardirlik haqqında danışmaq tezdir. Amma hər şey də mümkündür. Dabo və Ozobiçin cəmi 7 qolla bombardirlik etməsi isə onunla bağlıdır ki, çempionatda gərgin oyunlar keçir və hər matç ağır olur. Belə vəziyyətdə yüksək məhsuldarlıq nümayiş etdirmək də asan deyil. Onlar yüksək səviyyəli futbolçulardır. Hansının bombardir olmasının, ya da mənim onlara çatmağımın ciddi fərqi yoxdur. Əsas odur ki, komandamız uğur qazansın”.